Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Friday, March 16, 2012

Anamın yaylığı və düşüncələr

Saatlarla oturub anamın necə yaylıq toxumasına tamaşa edərdim. Onun incə əllərinin rəngbərəng sapları bir-birinə keçirərək "yaratdığı" əsər nə qədər gözəl idi. Anam bizim üçün toxuyurdu, o, heç bir qüsura yol vermək istəmirdi, nə qədər kiçik olsa belə, səhv buraxmış olduğu halda, toxuduqlarını Penelopa kimi təzədən sökür və yenidən daha böyük həvəslə, daha çox diqqətlə və daha böyük sevgiylə hörürdü. O yaylığa sevgi hopmuşdu, övladlarına olan qayğısını, diqqətini, eşqini belə göstərirdi. Ani olaraq ürəyimdə, həyatımızı həvəslə, sevgiylə hörülmüş bir yaylığa bənzətdim. Başımıza gələn rəngli hadisələr bir-birinə hörülərək naxış əmələ gətirir. Qəflətən dönüb arxaya baxırıq, hər insan toxuduğu öz naxışına - sonra hardasa buraxılmış cüzi, bəzən də böyük bir səhv tapırıq. Amma həyatda keçmişə dönüş yoxdur, həyatı söküb yenidən toxumaq olmaz! Onu bircə dəfə toxuyuruq, kimi qüsurlu, kimi mükəmməl. Hətta mükəmməl toxunmuş həyat da zamanın tikanına ilişib sökülə bilər. Qəribədir, biz tərəflərdə, insan öz taleyindən gileylənərkən "naxışım yoxdur" deyir. Yəqin, mənim ürəyimdən keçən bu ani fikirlər nə vaxtsa çoxlarının qəlbində yaranıb və itib, qalan yalnız naxış sözüdür...Yaylığın bəzəkləri labirintə bənzəyir, onları izləyə-izləyə nəzərim yenə anamın əllərinə toxundu. Ayağa qalxdım, anamı bərk-bərk qucaqladım və öpdüm...