Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Thursday, May 29, 2014

Vudi Allenlə 95 il geriyə və yaxud "Midnight in Baku"




28 May günü idi. Öz-özümə fikirləşirdim ki, bu bayramın Azərilər üçün Yeni il və ya Novruz bayramı statusuna yüksəlməsinə çox var hələ, 96 il keçməsinə baxmayaraq. 1918-ci ilə qayıtmaq nə xoş olardı, olanları öz gözümlə görmək, nə dəhşətli olardı, mart qırğınlarını yaşamaq. Tüklərim biz-biz durdu qollarımda. Amma fikirləşməyə davam etdim. Vudi Allenin Midnight in Paris filmi yadıma düşdü... Evdən çıxdım, getdim bulvara, oturdum skamyanın üstündə, gözlərimi yumdum və faytonu gözləməyə başladım. Saat 12 tamamda, bir fayton qarşımda saxladı, içəridən yaraşıqlı bir oğlan məni səslədi. Həyəcanımı bildirmədən, mənə uzadılan əldən yapışıb faytona mindim.

-                 Lev Nussimbaum, tanışlığımıza məmnun oldum.
-                (Həyəcanla, özüm də bilmədən, başqa ad verdim) Azadə.
-                Hardan gəlirsiz?
-                Gələcəkdən.
-                Respublika durur?
-                Durur (bəli, yıxılıb, əzilib, qalxıb, deformasiya olub, amma durur).
-                Bəs insanlar?
-                Eynidirlər.
-                Gedək, Ninaya deyim, sizə müasir paltar versin, sonra sizi tanış edəcəyim insanlar var.
-                (təbəssüm, Nina? Nino?)

Nina gənc və gözəl idi. Paltarları da mənə dar oldu. Beli çox incə idi. Əlinin Ninoya niyə bu qədər aşiq olmasını indi anladım. Bilirsiniz hansı günə düşmüşdüm? 1919-cu il, 28 May, Respublikanın bir yaşı tamam olurdu. Lev məni, Respublika gününə həsr olunmuş gecəyə aparırdı. Orada kimləri görəcəkdim? Xəyallarımın zəncirlərini qırdım, sonra yadıma düşdü ki, bir çoxlarını görməyəcəm, onlar bu an Parisdə, Vilsonla görüşdədirlər. Lev, Nina və mən gəldik Qubernator bağına, indiki Filarmoniyada ziyafət təşkil edilmişdi. Ürəyim çırpınırdı, belə anlarda təmkinli olmaq müşkül məsələdir.

Girişdə şəkillərdən əzbər tanıdığım bir simanı gördüm. Tağıyev! Onun özü! Astaca bizə tərəf başını əyib içəri keçdi, onun üçün ən hörmətli yer hazırlamışdılar.

Sara, Banu! Gəlin buraya, gələcəkdən qonağımız var, Lev qışqırdı. İki gənc qız bizə doğru addımladılar. Sara mənə sadə, Banu isə marağını gizlədə bilməyən, özünə əmin bir xanım obrazı yaratdı.

Banu (səsində istehza ilə) – Dünya hələ fırlanır ?
Mən (istehza ilə) – Yox, yavaşıyıb, qocalıb, əldən düşüb.
Banu – Tülkülük edir, lazım olanda yenidən sürətlənəcək.

Budur, onu gördüm, mənim sevimlim, şəklinə hər zaman vurğun olduğum – Fətəli Xan Xoyski. Asta addımlarla kiməsə tərəf gedirdi. Lev onu səslədi, - Lyova! Axşamınız xeyir! (uzundə böyük təbəssüm).

Lev – Xoş gördük, Fətəli bəy, tanış olun, gələcəkdən dostum, Azadə.
Mən (əlimi üzatdım, nəfəsim daraldı, səsimdə xırıltı ilə) – Axxxxşşamınız xeyyir, Fətəli bəy.
Fətəli – Demək gələckdən gətirmisən bu gözəli (əridim), Lyova! Xanım, gələcək necə bir yerdir?
Mən – Naməlum bir yerdir, ürək sıxıcıdır. Keçmişi daha çox sevirəm.
Fətəli – Keçmiş deyəndə bu günü nəzərdə tutursunuz? Adımız tarixə yazılıbmı, xanım? (xanım deməsindən çox xoşum gəlir, çünki, vurğunu bu sözün üstünə salır)
Mən – Bəli (qızıl hərflərlə, ürəklərimizdə). Siz qurucularsınız.
Fətəli - Biz? Hələ qurmağa çox şeyimiz var. Çətin məsələdir. Qılınclar paslanıb, bütün ümidlər qələmə qalıb.
Mən – Sizcə, qılınc həll edə bilmədiyini qələm düzəldəcək?
Fətəli – Hamı yazıb oxuya bilsəydi, nə dərdimiz olardı?
Mən – Mənim gəldiyim yerdə, çoxları yazıb-oxuya bilir, amma dərdlər azalmır.
Fətəli – Demək istəyirsiniz, təhsilin də yan təsiri olur?
Mən – Bəli, əgər, təhsilin məqsədi düşündürmək yox, yönəltməkdirsə.

Söhbətimiz yarımçıq qaldı, zalda musiqi səsləri eşidildi. Himnimiz çalındı, heç zaman olmadığım qədər qürurlandım, qəhərləndim. Məmməd Əmin Rəsulzadəni gördüm, çıxış edirdi, sözlərini qırıq-qırıq eşidirdim – azadlıq, xalq, əbədi… Bu bir il onlar üçün nə qədər önəmlidir. Onlar üçün gələn il bu vaxt artıq olmayacaq. Pərən-pərən düşəcəklər. Fətəli də olmayacaq, Tiflisdə gülləyə tuş gələcək. Gözümün kənarlarından damcılar süzüldü üzümə.

Lev – Azadə, üzülməyin bu qədər (təbəssüm), hər şey yaxşı olacaq!
Mən – Əlbəttə, hər şey yaxşı olacaq.
Lev – Gəlin, sizi evinizə ötürüm. Gedək.
Mən – Sizin kitabları çox sevirəm, çoxunu oxumuşam. Amma İtaliyaya getməsəz daha yaxşı olar, bəlkə, Birləşmiş Ştatlara gedəsiz?
Lev (mənə sayıqlayırmışam kimi baxdı, gülümsündü, heç nə demədi). Doğrudan da, sayıqlayırdım. Soyuq tər içində oyandım, telefona baxdım, tarix – 29 May, 2014. 

No comments:

Post a Comment