Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Friday, August 3, 2012

“Zaman Maşınında” Keçmişə Səyahət (Aşağıda yazılanlar real hadisələrə əsaslanıb)


Keçmişlə bağlı nostalji hisslər keçirirsinizsə, keçmişə səyahət etmək istəyirsinizsə Kubaya getməyə ehtiyac yoxdur. Kubada mövcud kommunizm zahiridir, insanlar isə çoxdan düşüncələrini dəyişiblər. Bəlkə də onlar heç vaxt kommunist düşüncəsində olmayıblar belə. Bizi orada cəlb edən 50-ci illərdən qalma avtomobillər və ispansayağı rənglənmiş yüzillik evlərdisə, heyhat, bunlar da kommunizmin qalığı deyil, amerikan “burjua”sının təsirləridir.

Zira, kommunizmin həsrətini çəkən vətəndaşlar (yoldaşlar!) və ya bu həyat tərzini dadmamış gənclər, bir dayanın, nəfəs alın və ətrafınıza baxın. Yaxşı baxın! Sovetdən qalma dəmir beton konstruksiyalı köhnə binalara deyil, onlar cansız tarixdirlər. Siz baxın insanlara, onların baxışlarından qəlblərinə, qəlblərindən düşüncələrinə... Heyran qalacaqsınız, sən demə cəmiyyətimizdə bəzi insanlar canlı eksponatlardır. Onların bir qismi muzeylərdəki eksponatlardan da qədimdir.

Belə, əsəbləriniz sakitdirsə, keçmişə səyahətə başlaya bilərik. Özünüzə bir yoldaş tapın və gedin ixtiyari bir VVAQ idarəsinə (zaqs). Deyin ki, gəlmişik ailə həyatı qurmaq niyyətilə qeydiyyatdan keçməyə. O an, tarixin qara dəliyindən içəri keçəcəksiz. Keçmişə düşəcəksiz. Zaqs işçilərinin sizinlə davranışı, sənədləşmə, bürokratiya sizi o qədər bezdirəcək ki, baş tutub çıxacaqsız ordan. Müasir Azərbaycan zaqs idarələrində MÜASİR olan təkcə siz və sizin şəxsiyyət vəsiqənizdir.

Növbəti dayanacaq – N saylı mənzil istismar idarəsi. Bu idarələrdən gələn nəm qoxusu sizi o saat keçmişə götürəcək, təxminən, ikinci dünya müharibəsi illərinə. Elə orada sizi kobudluqla qarşılayan ixtiyar bir qadın görsəniz, deməli hədəfə çatdınız. O da bir eksponat, o da bir tarix. Sizin onunla beşcə dəqiqə söhbətiniz kifayət edər ki, mənzillərin istismarına birdəfəlik son qoyulmasını arzulayasız.

Burdan gedək universitetə. Mülki müdafiə dərsinə. Bu dərsin avariyalı binada keçirilməsinə təəccüblənməyin. Yəqin praktikada tələbələrə dağılmış bina altında qalmağın nə qədər təhlükəli olmağını göstərmək istəyirlər. Dərsin ortasında, birdən, bina əsməyə başlayır. Siz öz-özünüzə düşünürsüz, görəsən bu sondur? Xoşbəxtlikdən məlum olur ki, mülki müdafiə dərsi verilən avariyalı binanın üst mərtəbələrində məktəb yerləşir və binanın titrəməsi dərsin bitməsilə şagirdlərin evə tələsməsindən irəli gəlir. Necədir? Adrenaliniz artdı? Əgər artmadısa, gedirik növbəti adrenalin dozasını almağa.

Sizi aparıram dövlət xəstəxanasına. Yolda marketə girib bir qab ketçup alıram və sizin köynəyinizi “al qana” bulayıram. Sizdən sadəcə qan itirmiş halsız və ölümcül olan adamı canlandırmaq tələb olunur. Xəstəxananın qapısından girərkən maraqlı, lakin etinasız baxışlarla rastlaşırsız. Qışqırırsız, ay haray, köməyiniz lazımdır. Sizi palataya gətirənədək, həkim tapılana, apteklərdən dava-dərman sifariş verilənədək üstünüzdəki ketçup qurumasa yaxşıdır. Hələ bu harasıdır? Bəyan etsəniz ki, bu yazığı küçədən tapmısız və nə onun pulu var, nə sizin? Bu zaman üstünüzdəki ketçup artıq yuyulmaz ləkə halına gələcək. Adrenalin hardadır bəs? Yaralı, fağır baxışlarınızı zilləyin üzündə mərhəmətdən əsər-əlamət olmayan tibb bacısının gözlərinin içinə. Bu zaman nə ketçup yadınıza düşər, nə oyun, qaçıb burdan canınızı qurtarmaq istəyərsiz və bir daha xəstə olmaq istəməzsiz. Kim istəyər ki?

Nəhayət, səyahətinizin bitkin olmasını istəyirsinizsə, yollanın Opera və Balet Teatrına, biletinizi elə seçin ki, yeriniz lociyaya düşsün. Yox, baletdən həzz almaq üçün deyil, oradakı canlı tarix olan Xanım X-i yaxından seyr etmək üçün. Balet başlayandan sonra məlum olacaq ki, parterdə yerlər boşdur. Sovet qadınından çox alman konsentrasiya düşərgələrindən gəlmə nəzarətçini xatırladan Xanım X lociyanın qapısını yavaş-yavaş açaraq içəri daxil olur. İşıqdan qaranlığa girdiyi üçün biz yalnız onun siluetini görürük və bu siluet qorxulu filmlərdəki obrazı xatırladır.  O, parterin boş olduğunu, daha əlverişli görüntü əldə edəcəyimizi vurğulayır. Lociyada bizdən savayı 5-6 tələbə və 1 cütlük var. Cütlük Xanım X-in dediyini qulaqardına vurur və mırıldamaqda davam edir, tələbələr isə sevincək, tamaşaçıları narahat etdiklərindən bixəbər, yığışaraq gedirlər parterə. Biz isə..., biz də bu təklifi qulaqardına vururuq. Önümüzdəki boşalan cərgədəki yerləri tutmağa tələsirik. Lakin Xanım X onun təklifini cavabsız qoyduğumuz və onun işini uzatdığımız üçün bizdən qisas almaq istəyir və bizə boş yerlərdə əyləşməyə imkan vermir. Hətta orkestrin səsini batırmağa belə qadir olduğundan əmin olaraq biz həyasızcasına (onun fikrincə) yerlərimizi dəyişirik və qadının reaksiyasına baxırıq. Qadın hiddət içindədir, qışqır-bağır salır. Lakin qorxu filmlərinin sizə heç bir zərər vermədiyi kimi, Xanım X-in də gurultusu boş olur. Prosesin özü isə bizə bol tarix adrenalini verir. Teatrın qapısından küçəyə, zülmətdən işığa çıxdıqda, elə tarixin qara dəliyindən də qurtarmış oluruq. Bu da bizim səyahətimiz.

Belə tarixi fərdlərin siyahısını artırmaq da olar. Ancaq, gündəlik əsəb normasını aşmaq olmaz. Onlar mağazalarda, dövlət müəssisələrində, notariuslarda, ictimai nəqliyyatda, ümumiyyətlə hər yerdə rastınıza çıxacaq. Nə olursa, olsun siyahınıza mütləq Bakı Metropolitenini salın, amma “bir-bir”. Tağı müəllim cüt rəqəmləri sevmir. 


P.S. Əgər feodalizm dövrünə səyahət etmək istəyirsinizsə, İngiltərənin və ya Şotlandiyanın qəsrlərini görməyə ehtiyac yoxdur. Əlbəttə, dövr uzaqlaşdıqca, sizin istəyinizin qiyməti də artacaq. Amansız feodalları öz gözünüzlə görmək üçün bir ferma alın, qatıq istehsal edin və çalışın satmağa. Bir müddət sonra, oturun yazı masasına və təəssüratlarınızı yazın. Hansı dövrdə qatıq satmaq daha rahat idi, Haqverdiyevin təsvir etdiyi ağalar və kəndlilər dövründə yoxsa XXI əsrdə? Yoxsa, siz də bu dövrlər arasında heç bir fərqin olmadığını anladınız? Necə deyərlər, dəyişən formadır, məzmun isə yüzilliklərdir ki, eyni olaraq qalır. Qatığın qablaşdırılması dəyişmiş olsa da, onu satmaq istəyən kəndli və bu satışı əngəlləyən ağa ilə müasir dövrün fermerləri və inhisarçıları görünür elə eynilik təşkil edir.




No comments:

Post a Comment