Biz artıq avtomobil minirik. Nəinki minirik, hələ üstəlik, basıb keçirik...kimi gəldi, necə gəldi, harda gəldi. Məgər siz sürücülər bilmirsiniz ki, sükan silah deyil, vasitədir, gərək əvvəl istifadə etməyi öyrənəsən, sonra sürəsən. Yox, gərək əvvəl, NECƏ sürməyi deyil, NƏ ÜÇÜN sürməyi öyrənəsiz. Ay sürücü, sənin məqsədin "A" nöqtəsindən "B" nöqtəsinə RAHATLIQLA getmək deyilmi? "C"-nin rahatlığını niyə pozursan bəs? Az qala əzib keçirsən. Hara tələsirsən? Bir dur, bir nəfəs al. Dünyanın axırı deyil ki, qoy bir yaşıl işıq yansın, onda "Eyvallah!".
Bu nə hövsələsizlikdir? Bəlkəm, özlərini nümayiş etdirmək istəyirlər. Gecdi, əcnəbi avtomobilini çoxdan nümayiş etdirib, başqa şey fikirləş. Məsələn, hava şarı, min, uç, get. Nə yol işıqları, nə yol polisləri, nə də keçmiş kabusların (piyadalar) var. Uç, qoy Bakı küləkləri səni aparsın. Amma yerə enərkən, kiminsə başına düşməkdən ehtiyat elə.
Bütün sürücülər inciməsin, inciyəcəklər özlərini yaxşı tanıyır. Onlar piyada olanda da eyni səhvləri edirlər. Qatarın qapısı açılmamış, camaat "Bismillah" deyib addımını atmamış, onlar qatarda artıq əyləşirlər. Avtobusu yolun ortasında saxladan, keçidi qoyub yolu keçənlər də onlardır. Əgər sükan sənindirsə, deməli sən yol qaydalarına tabesən, yol sənə yox.
Axı bizim əziz yol polislərimiz yazıqdırlar, hamının ardınca qaça bilmir. Barı, onlara rəhminiz gəlsin. Onlar hələm çoban yastığının ləçəklərini "sevir, sevmir" saymaq qədər safdırlar.
Belə, sonda yol polisindən cümlə sürücülərə belə bir mesaj: "Cərimələrinizi vaxtında ödəyin, eybi yoxdur, qayda pozuntusu olan şeydir, hamının başına gələ bilər".
Bir də, deyirəm, bəlkə, imtahanlar kraliçası Məleykə xanıma müraciət edək, sürücülər və piyadalar üçün ümumrespublika imtahanı keçirsin. İmtahandan keçməyən sürücünün vəsiqəsi alınsın və imtahanı keçən piyadaya təntənəli surətdə təqdim edilsin.