Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Tuesday, May 1, 2012

Tüpürmək hüququnun məhdudlaşdırılması haqqında

Alimlərimiz son zamanlar Bakı və digər şəhərlərdə tüpürənlərin sayının kəskin artmasından narahat olaraq hökumətə müraciət etmiş, həyəcan təbili çalmışlar. Onların fikrincə, kütləvi tüpürmə halları xəstəliklərin artmasına gətirib çıxara bilər. Bədbəxtlikdən, müraciət edilən zaman, hökumətin başı gənc nəslimizin tərbiyəsinə təhlükə yaradan əcnəbi serialların qadağa olunmasına qarışmışdır. Zira, "tüpürənlərin inkar edilməsi" haqqında layihə kölgədə qalmış, alimlərimiz isə çox məyus olmuşlar. 

Çarəsiz alimlər, hər zamankı kimi, dilləri və qolları çox uzun olan mətbuat əhlinə müraciət etmiş, məsələnin nə qədər ciddi olmasını media ilə bölüşmüş və tədbir görməyi xahiş etmişdir. Bədbəxtlikdən, mətbuat əhli bu zaman, çamaşırxanada şou əhlinin paltarlarını yumaqla məşğul imiş.

Çıxılmaz vəziyyətdə qalan alimlər, öz tələbələrinə müraciət etmiş, barı, əhali arasında bir sorğu keçirsinlər, bir səbəbini öyrənsinlər. Axı niyə insanlar öz ayaqları altına tüpürür? Sadiq tələbələr suallarla silahlanaraq küçələrə düşmüş, yeddidən yetmişə qarşılarına çıxan bütün kişi cinsinin nümayəndələrindən tüpürmələrinə nəyin səbəb olduğunu soruşmuş. Yeddidən on yeddiyə böyük nəsilləri səbəb görmüş, böyük nəsillər isə atmış günahı zəmanənin boynuna. Yaşlı nəslin nümayəndələri ilə baş tutmuş dialoqlardan bir neçəsini nəzərinizə çatdırıram:
A) Cahil respondent
- Dayı, niyə üç addımdan bir tüpürürsən?
- Tüpürmək də pulnandır? İstəyirəm, tüpürürəm, bundan kimə nə?
- Heç kimə heç nə olmaz, amma alimlərimiz düşüb ortaya ki, xəstəlik yayıla bilər.
- Nə xəstəlik? Heç kimin, üzünə tüpürmürəm ki, yerə tüpürürəm də

B) Həssas, özünə bəraət qazandıran respondent
- Dayı, niyə üç addımdan bir tüpürürsən?
- Hamısı zəmanədəndir.
- Zəmanədən?
- Hə, ay oğul. O qədər stress çəkirik ki, biz də neqativ enerjini necəsə atmalıyıq axı. Falçılar da bunu təsdiqləyir, neqativ enerjidən qurtulmaq lazımdır. Sənə də məsləhət görürəm, öz oğullarıma da demişəm. Əsəbləşdin, tüpür yerə, get.


C) Savadlı respondent
- Dayı, niyə üç addımdan bir tüpürürsən?
- Ağzımdakı zərərli maddələrdən qurtarmaq üçün.
- Bəs o zərərli maddələrin başqalarına keçməsindən ehtiyyat etmirsən? Bəs birdən hökumət cərimə etsə səni?
- Yox qorxmuram, başqalarına keçsə, həkimlər mənə dua edəcək, cərimə edilsəm də vətənimə xeyir verəcəm. Həm də, yeni iş yerləri açılar. Tüpürcəkləri təmizləmək üçün xüsusi maşın gətirilər, işçi tutular. Bunun nəyi pisdir?

D) Tüpürən qadın
- Ay xala, bəs sən niyə tüpürürsən?
- Mənim kişilərdən nəyim əskikdi, məgər demokratik ölkədə yaşamırıq? Gender bərabərliyi deyilən bir anlayış var, oğul, görünür dərslərini yaxşı oxumursan.

E) Öz hüquqlarını bilən vətəndaş
- Tüpürməyə cərimə kəsilməsinə necə baxırsız?
- Pis baxıram, bu, tüpürmək azadlığının pozulmasıdır. 

Ümidi tükənmiş alimlər, məsələni təhsil nazirliyinə, maarif şöbələrinə yollayır, dərsliklərə bu barədə məlumat salınmasını, şagirdlərin maarifləndirilməsini xahiş edir. Bədbəxtlikdən, nazirin başı başqa qoçla bir qazana salınır, ara qarışır, məzhəb itir, və əhali hələ də bixəbər, tüpürməkdə davam edir.