Keçmişlə bağlı nostalji hisslər
keçirirsinizsə, keçmişə səyahət etmək istəyirsinizsə Kubaya getməyə ehtiyac
yoxdur. Kubada mövcud kommunizm zahiridir, insanlar isə çoxdan düşüncələrini
dəyişiblər. Bəlkə də onlar heç vaxt kommunist düşüncəsində olmayıblar belə.
Bizi orada cəlb edən 50-ci illərdən qalma avtomobillər və ispansayağı
rənglənmiş yüzillik evlərdisə, heyhat, bunlar da kommunizmin qalığı deyil,
amerikan “burjua”sının təsirləridir.
Zira, kommunizmin həsrətini çəkən
vətəndaşlar (yoldaşlar!) və ya bu həyat tərzini dadmamış gənclər, bir dayanın,
nəfəs alın və ətrafınıza baxın. Yaxşı baxın! Sovetdən qalma dəmir beton
konstruksiyalı köhnə binalara deyil, onlar cansız tarixdirlər. Siz baxın
insanlara, onların baxışlarından qəlblərinə, qəlblərindən düşüncələrinə...
Heyran qalacaqsınız, sən demə cəmiyyətimizdə bəzi insanlar canlı
eksponatlardır. Onların bir qismi muzeylərdəki eksponatlardan da qədimdir.
Belə, əsəbləriniz sakitdirsə, keçmişə
səyahətə başlaya bilərik. Özünüzə bir yoldaş tapın və gedin ixtiyari bir VVAQ
idarəsinə (zaqs). Deyin ki, gəlmişik ailə həyatı qurmaq niyyətilə qeydiyyatdan
keçməyə. O an, tarixin qara dəliyindən içəri keçəcəksiz. Keçmişə düşəcəksiz.
Zaqs işçilərinin sizinlə davranışı, sənədləşmə, bürokratiya sizi o qədər
bezdirəcək ki, baş tutub çıxacaqsız ordan. Müasir Azərbaycan zaqs idarələrində
MÜASİR olan təkcə siz və sizin şəxsiyyət vəsiqənizdir.
Növbəti dayanacaq – N saylı mənzil istismar
idarəsi. Bu idarələrdən gələn nəm qoxusu sizi o saat keçmişə götürəcək,
təxminən, ikinci dünya müharibəsi illərinə. Elə orada sizi kobudluqla
qarşılayan ixtiyar bir qadın görsəniz, deməli hədəfə çatdınız. O da bir
eksponat, o da bir tarix. Sizin onunla beşcə dəqiqə söhbətiniz kifayət edər ki,
mənzillərin istismarına birdəfəlik son qoyulmasını arzulayasız.
Burdan gedək universitetə. Mülki müdafiə
dərsinə. Bu dərsin avariyalı binada keçirilməsinə təəccüblənməyin. Yəqin
praktikada tələbələrə dağılmış bina altında qalmağın nə qədər təhlükəli
olmağını göstərmək istəyirlər. Dərsin ortasında, birdən, bina əsməyə başlayır.
Siz öz-özünüzə düşünürsüz, görəsən bu sondur? Xoşbəxtlikdən məlum olur ki,
mülki müdafiə dərsi verilən avariyalı binanın üst mərtəbələrində məktəb
yerləşir və binanın titrəməsi dərsin bitməsilə şagirdlərin evə tələsməsindən
irəli gəlir. Necədir? Adrenaliniz artdı? Əgər artmadısa, gedirik növbəti
adrenalin dozasını almağa.
Sizi aparıram dövlət xəstəxanasına. Yolda
marketə girib bir qab ketçup alıram və sizin köynəyinizi “al qana” bulayıram.
Sizdən sadəcə qan itirmiş halsız və ölümcül olan adamı canlandırmaq tələb
olunur. Xəstəxananın qapısından girərkən maraqlı, lakin etinasız baxışlarla
rastlaşırsız. Qışqırırsız, ay haray, köməyiniz lazımdır. Sizi palataya gətirənədək,
həkim tapılana, apteklərdən dava-dərman sifariş verilənədək üstünüzdəki ketçup
qurumasa yaxşıdır. Hələ bu harasıdır? Bəyan etsəniz ki, bu yazığı küçədən
tapmısız və nə onun pulu var, nə sizin? Bu zaman üstünüzdəki ketçup artıq
yuyulmaz ləkə halına gələcək. Adrenalin hardadır bəs? Yaralı, fağır baxışlarınızı
zilləyin üzündə mərhəmətdən əsər-əlamət olmayan tibb bacısının gözlərinin
içinə. Bu zaman nə ketçup yadınıza düşər, nə oyun, qaçıb burdan canınızı
qurtarmaq istəyərsiz və bir daha xəstə olmaq istəməzsiz. Kim istəyər ki?
Nəhayət, səyahətinizin bitkin olmasını
istəyirsinizsə, yollanın Opera və Balet Teatrına, biletinizi elə seçin ki,
yeriniz lociyaya düşsün. Yox, baletdən həzz almaq üçün deyil, oradakı canlı
tarix olan Xanım X-i yaxından seyr etmək üçün. Balet başlayandan sonra məlum
olacaq ki, parterdə yerlər boşdur. Sovet qadınından çox alman konsentrasiya
düşərgələrindən gəlmə nəzarətçini xatırladan Xanım X lociyanın qapısını
yavaş-yavaş açaraq içəri daxil olur. İşıqdan qaranlığa girdiyi üçün biz yalnız
onun siluetini görürük və bu siluet qorxulu filmlərdəki obrazı xatırladır. O, parterin boş olduğunu, daha əlverişli
görüntü əldə edəcəyimizi vurğulayır. Lociyada bizdən savayı 5-6 tələbə və 1
cütlük var. Cütlük Xanım X-in dediyini qulaqardına vurur və mırıldamaqda davam
edir, tələbələr isə sevincək, tamaşaçıları narahat etdiklərindən bixəbər,
yığışaraq gedirlər parterə. Biz isə..., biz də bu təklifi qulaqardına vururuq. Önümüzdəki
boşalan cərgədəki yerləri tutmağa tələsirik. Lakin Xanım X onun təklifini
cavabsız qoyduğumuz və onun işini uzatdığımız üçün bizdən qisas almaq istəyir
və bizə boş yerlərdə əyləşməyə imkan vermir. Hətta orkestrin səsini batırmağa
belə qadir olduğundan əmin olaraq biz həyasızcasına (onun fikrincə) yerlərimizi
dəyişirik və qadının reaksiyasına baxırıq. Qadın hiddət içindədir, qışqır-bağır
salır. Lakin qorxu filmlərinin sizə heç bir zərər vermədiyi kimi, Xanım X-in də
gurultusu boş olur. Prosesin özü isə bizə bol tarix adrenalini verir. Teatrın
qapısından küçəyə, zülmətdən işığa çıxdıqda, elə tarixin qara dəliyindən də
qurtarmış oluruq. Bu da bizim səyahətimiz.
Belə tarixi fərdlərin siyahısını artırmaq da
olar. Ancaq, gündəlik əsəb normasını aşmaq olmaz. Onlar mağazalarda, dövlət
müəssisələrində, notariuslarda, ictimai nəqliyyatda, ümumiyyətlə hər yerdə
rastınıza çıxacaq. Nə olursa, olsun siyahınıza mütləq Bakı Metropolitenini
salın, amma “bir-bir”. Tağı müəllim cüt rəqəmləri sevmir.
P.S. Əgər feodalizm dövrünə səyahət etmək
istəyirsinizsə, İngiltərənin və ya Şotlandiyanın qəsrlərini görməyə ehtiyac
yoxdur. Əlbəttə, dövr uzaqlaşdıqca, sizin istəyinizin qiyməti də artacaq.
Amansız feodalları öz gözünüzlə görmək üçün bir ferma alın, qatıq istehsal edin
və çalışın satmağa. Bir müddət sonra, oturun yazı masasına və təəssüratlarınızı
yazın. Hansı dövrdə qatıq satmaq daha rahat idi, Haqverdiyevin təsvir etdiyi
ağalar və kəndlilər dövründə yoxsa XXI əsrdə? Yoxsa, siz də bu dövrlər arasında
heç bir fərqin olmadığını anladınız? Necə deyərlər, dəyişən formadır, məzmun
isə yüzilliklərdir ki, eyni olaraq qalır. Qatığın qablaşdırılması dəyişmiş olsa
da, onu satmaq istəyən kəndli və bu satışı əngəlləyən ağa ilə müasir dövrün
fermerləri və inhisarçıları görünür elə eynilik təşkil edir.