Kim həbləri içməmişdən əvvəl dərman qutusuna əlavə edilmiş kiçik vərəq parçasını oxuyur? Altından qələmlə cızmağa ehtiyac olmasa belə, mütləq oxunmalı bir şeydir. Biləcəksiniz ki, həbləri necə içməlisiniz? Su və ya çayla, yeməkdən əvvəl və ya sonra, səhər və ya axşam? Deməli belə, mən dərman içməyi kitab oxumaqla müqayisə edirəm. Hesab edirəm ki, kitabı da yeməkdən sonra və ya əvvəl oxuyarkən, içindəki o kəlmələri su ilə və çay ilə içəri ötürülməsindən asılı olaraq fərqli hisslərə məruz qalırsan. Səhər yuxulu və ya axşam yorğun, gün və ya şam işığında, evdə və ya işdə, nəqliyyatda və ya sükunətdə, qəmgin və ya şən vaxtlarında, səs-küydə və ya sakitlikdə kitab müxtəlif cür oxunur. Elə kitab var ki, onu yalnız evdə və sakitçilikdə oxuya bilərsən, eləsi də var ki, metroda, eləsi var mütləq vərəqləri hiss etməlisən, eləsi də var ki, onu dinləməlisən.
- Kitablara niyə istifadə qaydası barədə təlimat qoyulmur?
- Onların yan təsiri olmur, onlar xəstəliyi sağaltmır, immuniteti gücləndirir. Kitablar ruhun vitaminləridir.
Bu günə oxuduğum son kitab Rey Bredberinin "Fahrenheit 451" əsəridir. Bilmirəm necə oxuyub qurtardım, evdə, metroda, işdə, yeməkdən sonra, yeməkdən əvvəl, səhər, axşam və bitdi. Elə tez oxudum, elə bil bərk susamışdım və bu kitab su idi. Nə olacaq axı bunun axırı, necə olacaq, tez, tez, tez oxuyum görək, Monteq bu bəşəriyyətin problemini həll edə biləcək? Onun qayğıları və təlaşlarını bölüşürəm, lakin oxuduğum əsərə çəkilmiş filmi izlərkən, sonundan bələd olduğum kimi, bu kitabın da sonunu təhmin edirəm: bir insan bəşəriyyəti dəyişə bilməz, zira kitabın sonunu görürəm. Rey fantaziya yazsa belə, o, sözün əsl mənasında realistdir. Qəhrəmanla özündə oxşarlıq tapan zaman insan istər-istəməz kitabın sonuna tez çatmaq istəyir, bir növ gələcək üçün fala baxmaq, oxucunun falına...
Kitabı Karandaşla Oxuyanlardan sitatlar burada: http://www.kkoworld.com/?p=392
Kitabdan xoşladığım bir hissədən tərcümə:
"Bittinin yuxusu"
- Bilirsiniz, bir saat əvvəl bir yuxu gördüm. Mürgüləyirdim və gördüyüm yuxuda siz və mən, Monteq, kitablar haqqında qızğın mübahisə edirdik. Siz qəzəblə səsinizi yüksəldirdiniz, mənə sitat atəşi açmışdınız. Mən sakitçə hər həmləni dəf edirdim. Güc, mən dedim, və siz, Dr.Consondan sitat gətirdiniz: "Bilik, qüvvəyə bərabər deyil, ondan daha böyükdür!". Və mən dedim, "Bəli, bəli, Dr.Conson həmçinin demişdir ki, cavan oğlan, "əminliyi qeyri-müəyyənliyə dəyişən kəs müdrik deyil". Monteq, yanğınçılarla (firemen - yanğınsöndürən, amma bu kitabda yanğın törədən) qalın. Qalanları boş şeydir!
"Qulaq asma ona. Səni dolaşdırmağa çalışır. Biclik edir. Ehtiyyatı əldən vermə!" Faber, pıçıldadı.
Bitti istehza ilə güldü. - Və sən yenə sitat gətirdin, "Həqiqət işıq üzü görəcək, bu qətlin üstü tezliklə açılacaq!" Və mən, kefim saz dinləndim, "Aman tanrım, o, təkcə öz atı haqqında danışır!" və "Şeytan da Müqəddəs Kitabdan yalnız özünə bəraət məqsədilə sitat gətirə bilər". Və sən bağırdın, "Zəmanəmizin adamları qızıl suyuna çəkilmiş axmaq haqqında daha yaxşı fikirdədirlər, nəinki, müdriklik məktəbindəki qocalmış müqəddəslər haqda". Və mən yumşaq səsimlə pıçıldadım "çox etiraz edərkən, həqiqətin ləyaqəti yoxa çıxır". Və sən çığırdın, "Qatili görəndə cəmdəklər qanayır!" və mən əlini yüngülcə vuraraq dedim, "Nə oldu? Qorxdun ki, sənə yoluxucu xəstəlik ötürərəm?" və sən bağırdın "Bilik gücdür!" və "Nəhəngin çiynində oturmuş cırtdan ondan daha çox görür!". Və mənə məxsus olmayan mülayimliklə fikirlərimi cəmləşdirdim, Cənab Valeri bir zamanlar demişdir, "metaforanı sübutla səhv salmaq axmaqlığı, boşboğazlıqdan yaranan söz axınını böyük həqiqətlər bulağı ilə səhv salmaq axmaqlığı, özümüzü orakl ilə səhv salmaq axmaqlığı, bütün bu axmaqlıqlar xislətmizdədir".
Monteqin başı gicəlləndi. Özünü elə hiss edirdi, elə bil, amansızcasına qaşlarına, gözlərinə, burnuna, dodaqlarına, çənəsinə, çiyinlərinə, qollarına zərbələr endirilir. Qışqırmaq istəyirdi, "Yox!, kəs səsini, sən məni çaşdırmaq istəyirsən, dayan!". Bittinin zərif barmaqları onun biləyindən yapışdı. "Aman, nəbzin necə də bərk vurur! Yaxaladım səni, elə deyilmi, Monteq".