Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Tuesday, July 22, 2014

Orta statistik azərbaycanlının inandığı 7 nağıl

1. Kurban Said Yusif Vəzir Çəmənzəminlidir


Məhəmməd Əsəd Bəyin (yəni Lev Nussimbaum) 1929-cu ildə nəşr edilmiş "Şərqdə Neft və Qan" əsərini oxuyun, sonra Kurban Saidin müəllifi olduğu, 1937-ci ildə çap edilmiş "Ali və Nino" əsərini oxuyun. Bəs etmirsə, digər kitablarını oxuyun, sonra Çəmənzəminlidən bir əsər oxuyun və nəticə çıxarın. Bəzən hər şey deyildiyi kimi, göründüyü kimi yox, oxunduğu kimi olur. 


2. Napoleonun məşhur Muratı Azərbaycanlıdır

Yoakim Murat - Napoleon dövründə fransız marşalı, böyük admiral, Neapol kralı və s...Titulları çoxdur, etibarlı mənbələrə əsaslanan yerli kanallarımızdan birində, tarixçilərimiz çıxış edib Muratı Azərbaycanlı elan etmişdilər. Buyurun - Yoakim Murat, 1767-ci ilin 25 martında La Bastide-Fortuniere-də,  Pierre Murat-Jordy və Jeanne Loubieres ailəsində dünyaya gəlib...davam etmək olar, həvəs yoxdur, açın vikipediya oxuyun.


3. Fredi Merkuri Azərbaycanlıdır


Fredinin adı Fərrux Bulsaradır, amma bütün Fərruxlar azərbaycanlı deyil. Fredi Şərqi Afrikada, Zənzibar sultanlığında doğulub. Valideynləri, Bomi və Cer Bulsara Hindistanın Bombey əyalətinin Qucarat rayonundandırlar əslən. Bulsara familiyası şəhərin adından götürülmüşdür. Ailə zərdüştün dininə etiqad edir. Görəsən, bizimkilər onun azərbaycanlı olması qənaətinə adındanmı ya dinindənmi gəlmişlər?


4. Don Juan Azərbaycanlıdır

Deyirlər ki, Don Juanın prototipi Seviliyalı Xuan Tenoriodur. Olsun, hətta Rusiyalı İvan, ya İngilis Vilyam, ya da Amerikan Bob olsun, ya da Türk Mustafa, ya da Azərbaycanlı Əhməd, Məmməd, Əli, Vəli - olsun. Nə fərqi var? Günahdır! Adam da, Don Juanları millətinə görə ayırar? Sonunda, kökləri axtarsaq, gərək gedib Adəmə çıxaq. Universitet Məntiq dərslərindən yadımda qalan kimi, Don Juan daha geniş anlayışdır və özündə kişi cinsindən olan bütün millətlərin qadın ürəklərinin qənimlərini ehtiva edir. 


5. Xarı Bülbül təkcə Qarabağda, Azərbaycanda bitir


Axundov Müsyö Jordanın dilindən Qarabağın nadir bitkilərindən danışarkən Xarı Bülbülü nəzərdə tutmurdu. Səhləbkimilər fəsiləsi - mən onları Orxideya ailəsi kimi tanıyıram. Dünyanın her yerində orxideyalar müxtəlif cür formada çiçək açır. Bizim orxideyalar bülbülə bənzəyirsə, bəzilərinin ki, mələklərə, bəzilərininki meymunlara, insanlara, ördəklərə bənzəyirlər. Bir sözlə, dünya başımıza fırlanmır və bir sözlə, Darvin azərbaycanlı olmayıb.

6. Almaniyada və Fransada rəzalətdir, camaat acından qırılır

Bir düzəliş edəcəm dövlət televiziya müxbirlərimizin bu mükəmməl cümləsinə. Birincisi, 150 və daha çox ölkəni bu cümləyə həmcins üzv kimi qatsaydınız və ikincisi, camaat sözünün qarşısına "qara" sözü əlavə etsəydiniz, nəinki mükəmməl, həm də dürüst olardınız. Hətta, "ağ camaat toxluqdan qırılır" əlavə etsəydiniz, şedevr xəbərlər tarixinə daxil olmuş olardınız. Hətta, Azərbaycan sözünü də 150 həmcins üzv siyahısına əlavə etsəydiniz, dünyanın ən təvazökar, mükəmməl, dürüst müxbirləri olardınız. Əslində, bütün bu düzəlişlərə ehtiyac da yoxdur, çünki, orta statistik azərbaycanlı sizin buraxdığınız bütün sözləri öz qəlblərində hiss edir və sizə cani qəlbdən inanır. 


7. Tikinti və tıxaclar mövcuddursa, deməli, firavanlıqdır

Moşu demiş, "firavanlıq, firavanlığın"...o da xoşbaxtlığın bir tayı. "American Dream" və "European Values" qalsınlar bir kənara, Butanlılar firavanlığın qafiyəsini deyil, ölçüsünü tapıblar. Onlar "Gross National Happiness" (Ümummilli xoşbəxtlik) ideyasını Butan hökumətinin xalqa olan diqqət və qayğısı kimi tətbiq etməyə başlayıblar. Proqram yolların salınması, məktəblərin açılması, Butan gənclərinin xaricdə təhsili və s. və i. nəzərdə tutur. Deyəcəksiniz ki, ə bə bizim Asan xidmət, xaricdə təhsil üzrə dövlət proqramı, səhiyyə  bla bla bla. Mən də deyəcəm ki, əziz, Azəri və Butanlı qardaş-bacılar, gedin firavanlığı, xoşbəxtliyi insanların təbəssümündə axtarın. Küçələrdə, onundan doqquzunun üzündə təbəssüm varsa, dövlət televiziyamız haqlıdır.