Tarixi araşdırmağın yeganə xeyiri var - nəticə çıxarmaq və edilən səhvləri təkrarlamamaq. Lakin insan səhvə meyllidir, o, özünü hər zaman kənarda görür, hadisələrdən kənarda. Cərəyan axırsa, o, kənardadır, hamı səhnədədirsə, o, tamaşaçıdır, ona heç nə olmayacaq, o fərqli çıxış yolu tapacaq. Hadisələr isə əksini göstərir. İnsan elə həmin o qədim insandır. Homer ya Nizami, Mövlanə ya Hüqo və neçələri - hamısı insanın içində yaşayan bütün mələkləri və şeytanları açıb göstərmişlər. Bu adlara diqqət yetirin, onlar öz əsərlərində sizi tarixin ən fərqli dövrlərinə aparır, amma orada baş verən insan davranışları bir-birindən fərqlənmir, xeyir və şər, yaxşılıq və pislik qoşa gəzir. Xülasə, heç nə dəyişməyib, səhvlərimiz də.
1789-cu ildə Fransada inqilab başlananda heç kimin bu hadisəyə "inqilab" kimi xitab etməyə dili gəlmirdi. Çünki, küçələrə çıxan insanların heç birinin siyasi tələbləri yox idi, onlar sırf iqtisadi və sosial problemlər üzündən etiraz edirdilər. Onlara desəydiniz ki, Fransa konstitusiyalı monarxiyaya çevriləcək, bir neçə il sonra kralın başı vurulacaq, bir neçə il sonra Fransa imperiya olacaq, heç biri inanmazdı. Çünki, hər şey ehtiyac və ümidin qarışığından başlamışdı. Təkrar edirəm, çünki, insanlar ehtiyac içində idilər və onların bütün ümidləri kralın onlara kömək etməsinə yönəlmişdi. Məhz ümidləri daşa dəyən xalq, siyasi tələblər irəli sürməyə başladı.
1905-ci il, Rusiya imperiyası. Kəndlilər və fəhlələr küçələrdə. Tələbləri - iqtisadi və sosial tələblər. Heç kim, II Nikolayın hakimiyyətdən getməsini tələb etmir, əksinə, etirazçılar Nikolayın portretini daşıyır. Onlar həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ordu atəş açır, etirazçılar dağılır. 12 il sonra Rusiya inqilabında Nikolay II devrilir, bir neçə ay sonra kommunistlər hakimiyyətə gəlir. Karl Marks sosializm və kommunizm ideyaları haqqında fikir irəli sürərkən Alman cəmiyyətini əsas götürmüşdü, cahil Rus cəmiyyəti üçün heç Lenin belə inqilab gözləmirdi, bunu öz yazılarında açıq söyləmişdi. Amma sən saydığını say...
1979-cu il, İran. İnsanlar şahın özbaşınalığından beziblər. Fərqi yoxdur, kim inqilab edəcək, əsas odur ki, rejim dəyişsin. Heç kim, rejimin müasir İran şəklinə düşəcəyindən xəbərdar deyildi, onların məqsədi zülmdən qurtarmaq idi. Bir zülmdən o biri zülmə. Şahın iqrçi siyasətindən boğaza gələn cənubi azərbaycanlılar yeni İran İslam Respublikasını dəstəkləməyə hazır idilər, amma, sonradan Şah dövründən də betər vəziyyətə düşəcəklərini bilmirdilər.
Nəticə
Hakimiyyəti müstəvi üzərində çəkilmiş parçada bir nöqtə hesab edin. O nöqtə nə qədər sola sürüşərsə, cəmiyyət bir o qədər sağa sürüşəcək. Balans qorunmalıdır, təbiətin qanunu. Nöqtə nə qədər sağa sürüşərsə, cəmiyyət sola sürüşəcək. Əl-qərəz, radikalların ömrü qısa olur. Dayanıqlılıq yalnız parçanın ortasındadır.
P.S. Son zamanlar dünyada baş verən hadisələri sizin öz təfəkkürünüzə, dünya görüşünüzə və obyektivliyizə həvalə edirəm.