Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Saturday, March 22, 2014

Keçmişdən gələcəyə atılan daşlar

"İndi" yoxdur, unudun. Hər keçən dəqiqə artıq keçmişdir, hər gözlənilən saniyə - gələcək. Hər kəs öz kökü üstündə oturub. Baş verən hadisələri anlamaq üçün keçmişdə olanları yaddaşınızda yeniləmək kifayətdir. Soyuq Müharibə bitməyib, heç dünya müharibələri də. Hətta, XIX əsrdəyik, ittifaqlar qururuq. Hətta, XVII əsrdəyik dünyanı bölüşdürürük. Hətta, XV əsrdəyik, dünyanı kəşf edirik. Hətta, Hindistanı fəth edirik. Nə qədər uzaqlaşırıq, bir o qədər yaxınlaşırıq. Köklərimizə doğru uzanırıq, hər şey alt-üst olur...sonumuz yasaqlanmış meyvə! Bəlkə başlanğıcımız? 

Xülasə, bu gün baş verənlər heç kimi təəcübləndirməsin. Zaman çox Putinlər, Obamalar, Ərdoğanlar görüb, tükənməyib. Çox yasaq meyvələr görüb zaman.

Başlayaq Putindən. Görəsən, o, nəyin xülyasındadır? Rusiya İmperiyasının dirilməsi yoxsa Sovet İttifaqının bərpa olunması? Bəlkə, o, sadəcə güc xülyasındadır? Bu qədər bəsitdir hər şey. Məqsəd aydın olduqdan sonra vasitənin fərqi yoxdur. RİP Makiavelli! Putinin məqsədi Rus çarlarını və ya Sovet liderlərini geridə qoymaqdır. Bunun üçün o, hər şeyə razıdır: millətçiliyi qızışdırmaqdan tutmuş, millətlərin öz müqəddəratını təyin etmək haqqı olduğunu qəbul etməyədək. Yeri gəlsə, işğalçılıqdan tutmuş, soyqırğımadək. Hansı vasitə uyğun olsa, onu da edəcək. Hələlik, Krımın işğalı da bəs edir.

1938-ci ildə, Hitler Çexoslovakiyanı Sudeten almanlarının sıxışdırılmasında, onlara öz ana dillərində danışmağa imkan verilməməsində günahlandırırdı. Hətta, şərt qoymuşdu: ya Sudeteni Almaniyaya verirsiniz, ya da, həmin 3 milyon almanı qorumaq üçün müharibə elan edəcək. Nəticədə, İngiltərə, Fransa, İtaliya heç Çexoslovakiya nümayəndəsinin iştirakı olmadan belə, Münhendə Sudeteni Almaniyaya verdilər. Hitler söz verirdi ki, "mənim Çexoslovaklarla heç bir işim yoxdur, mənə almanların taleyi vacibdir". "Heç bir işim yoxdur" iddiası düz 8-9 ay sürdü, 1939-cu ildə bütöv Çevoslovakiya işğal olundu. Növbəti hədəf Polşa...


1908-ci ildə Avstriya-Macarıstan İmperiyası Bosniyanı Osmanlı İmperiyasından işğal edərkən eynilə indiki kimi hamı mat qalmışdı. "Yəni, bu qədər həyasızlıq olar?" deyirdilər və ya deyirlər. O zaman, Rusiya bilmirdi nə etsin: Avstriya-Macarıstana müharibə elan etsin, yoxsa gözləsin. Nikolay sadəcə qınamaqla kifayətlənmişdi, çünki, Rusiyanın müharibə olarsa, uduzacağını bilirdi. Osmanlı da bir şey edə bilməmişdir, olmayan dəstəyi tapa bilmirdi çünki. Məhz, Krımın vəziyyəti mənə Bosniya işğalını xatırlatdı. Lakin, Bosniya işğalı 6 il sonra Birinci Dünya Müharibəsinə gətirib çıxaran yolun qırmızı lenti idi, kəsilmişdir. Bəs Krım? Krım Üçüncü Dünya Müharibəsinə apara bilərmi? Rusiya Ukraynanın şərqində rus millətçiliyini (şovinistliyini) qızışdırmaqla, Ukraynanı parçalayacaq? Yoxsa, Qərb, eyni fəndi Rusiyaya qarşı işlədəcək? Məlumdur, Rusiya İmperiyası millətçiliyin qurbanı olub, Sovet İttifaqı isə sosial və iqtisadi problemlərin çökdürdüyü kommunizmin. Bəs Putin Rusiyası? Onu necə çökdürə bilər Qərb? Yenə bəsit cavab: millətçilik və iqtisadi böhran. Bir sözlə, Rusiya ilə sadəcə qonşu olmaq özü bir bədbəxtçilikdir. Onun dağılması da Azərbaycan üçün problem olacaq, mövcudluğu da. Onun, böyüməsi və güclənməsi isə, Azərbaycan üçün bəla olacaq!

Keçək Ərdoğana. Paradoksal şəxsiyyət. Bir saat əvvəl dediyini, iki saat sonra təkzib edən dövlət xadimi. Gezi parkındakı hadisələri, hər gün müxtəlif mənbələrdən izləyən bir şəxs kimi deyirəm ki, Ərdoğanın Türkiyə kimi bir dövlətin necə baş naziri olduğuna inana bilmədim. Sonra inandım. Səbəb, yenə də, rəhmətlik Makiavelli. Nəzər yetirək, on il əvvəlki Ərdoğanla bu günkü Ərdoğan arasında çox böyük fərq var. On il əvvəlki baş nazir, Türkiyənin iqtisadi inkişafından, ən nümunəvi şərq demokratiyasından danışırdısa, indiki Ərdoğan islam diktaturasından dəm vurur. Görəsən, "hakimiyyət şirin hakimiyyət" onu dəyişdi, yoxsa o, heç dəyişməmişdir, sadəcə, öz üzünü göstərmək üçün on illik hakimiyyət lazım idi. Xülasə, Twitterin bağlanması nədən xəbər verir: cahillikdən? qorxudan? yoxsa həyasızlıqdan?

Sonda, George Orwell demişkən,

"Müharibə Sülhdür"
"Azadlıq Köləlikdir"
"Cəhalət Gücdür"


No comments:

Post a Comment