Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Friday, September 21, 2012

Ad yoxsa Sifət?

Bu dünyada hər şeyin adı var, hətta dünyanın da! Biz insanlar adlanırıq, heyvanları və əşyaları da adlandırırq. Amma hərdən görürsən, insanları da adlandırırq. Xüsusən, əsəbi olan zamanlarımızda. Məsələn, kiməsə "eşşək" deyə bilərik, kiməsə "dub" (palıd). Özü də adları səhv saldığımıza görə deyil, filankəsin xarakterinə, hərəkətinə görə. Amma haqsızlıq etmiş oluruq.

Məsələn,
Eşşəyin dili olsaydı, deyərdi ki, "sən niyə filankəsə "eşşək" deyə xitab etdin?" Məgər, o filankəs mənim qədər işləyir? Mənim qədər insana sadiqdir?
Palıdın da dili olsaydı, deyərdi, "nə olub, məndən mebel düzəldib qohum-qonşuya öyünəndə palıdam, amma düşüncəsi donmuş insana mənim adımı qoyursuz!"
Niyə diqqətsiz, eqoist insanlara "keçi" deyirik? Heç olmasa, keçidən xeyir var, pendirini yeyirik!
Niyə savadsız insana "monqol" deyirik? Məgər, monqollar yaratdığı imperiya, savad olmadan qurula bilərdimi?
Niyə "lom", "xiyar", "tormoz" (əyləc) və bir çox digər isimləri sifətə çevirirk?
Niyə sifət qalıb qıraqda, isim işlədirik? Savadsızlıqdan yoxsa tənbəllikdən?
Gəlin hər şeyi və hamını öz adı ilə adlandıraq. Vəliyə Vəli, Əliyə Əli, Keçiyə keçi deyək. Kiminsə və ya nəyinsə xüsusiyyətini təsvir etmək üçün kifayət qədər "sifətlər" var dilimizdə. Təklif edirəm, gələn ili "Qrammatika ili" elan edək. Təklif edirəm, savadlı olaq, tərbiyəli və alicənab olaq!


Saturday, September 15, 2012

Güzgüdə Yaşayanlar

 - Ədalətdən danışanlar haqsızlıq edir
- Maddiyyat düşkünləri mənəviyyatdan danışır
- Varlılar kasıbçılıqdan şikayət edir
- Falçılar dindən sitat gətirir
- Savadsızlar cahillikdən gileylənir
- Yaltaqlar özlərini vəfalı bilir
- Alimləri status, müəllimləri pul, həkimləri nə-qədər-çox-xəstə-o-qədər-çox-var-dövlət düşündürür,
 - Jurnalist şou, şou toy, toy yiyəsi kasıbçılıq düşünür

- Gənclər "irəli"də, "irəli" siyasətdə, siyasət şadlıq sarayında gəzir
- Böyük eqolar kiçilir, kiçik eqolar böyüyür
- Saç var vaxtından tez ağarır, saç var arsız-arsız uzanır
- Təbəssüm arxasında "sifət", "sifət" arxasında dərd, dərd arxasında həyat var
- Yalançı özünü dürüst bilir, dürüst elə bilir laldır, lallar dil açır
- Sənəddə vətəndaş, dildə yoldaş, əslində daş
- Girişdən çıxanlar, çıxışdan girənlər

Friday, August 3, 2012

“Zaman Maşınında” Keçmişə Səyahət (Aşağıda yazılanlar real hadisələrə əsaslanıb)


Keçmişlə bağlı nostalji hisslər keçirirsinizsə, keçmişə səyahət etmək istəyirsinizsə Kubaya getməyə ehtiyac yoxdur. Kubada mövcud kommunizm zahiridir, insanlar isə çoxdan düşüncələrini dəyişiblər. Bəlkə də onlar heç vaxt kommunist düşüncəsində olmayıblar belə. Bizi orada cəlb edən 50-ci illərdən qalma avtomobillər və ispansayağı rənglənmiş yüzillik evlərdisə, heyhat, bunlar da kommunizmin qalığı deyil, amerikan “burjua”sının təsirləridir.

Zira, kommunizmin həsrətini çəkən vətəndaşlar (yoldaşlar!) və ya bu həyat tərzini dadmamış gənclər, bir dayanın, nəfəs alın və ətrafınıza baxın. Yaxşı baxın! Sovetdən qalma dəmir beton konstruksiyalı köhnə binalara deyil, onlar cansız tarixdirlər. Siz baxın insanlara, onların baxışlarından qəlblərinə, qəlblərindən düşüncələrinə... Heyran qalacaqsınız, sən demə cəmiyyətimizdə bəzi insanlar canlı eksponatlardır. Onların bir qismi muzeylərdəki eksponatlardan da qədimdir.

Belə, əsəbləriniz sakitdirsə, keçmişə səyahətə başlaya bilərik. Özünüzə bir yoldaş tapın və gedin ixtiyari bir VVAQ idarəsinə (zaqs). Deyin ki, gəlmişik ailə həyatı qurmaq niyyətilə qeydiyyatdan keçməyə. O an, tarixin qara dəliyindən içəri keçəcəksiz. Keçmişə düşəcəksiz. Zaqs işçilərinin sizinlə davranışı, sənədləşmə, bürokratiya sizi o qədər bezdirəcək ki, baş tutub çıxacaqsız ordan. Müasir Azərbaycan zaqs idarələrində MÜASİR olan təkcə siz və sizin şəxsiyyət vəsiqənizdir.

Növbəti dayanacaq – N saylı mənzil istismar idarəsi. Bu idarələrdən gələn nəm qoxusu sizi o saat keçmişə götürəcək, təxminən, ikinci dünya müharibəsi illərinə. Elə orada sizi kobudluqla qarşılayan ixtiyar bir qadın görsəniz, deməli hədəfə çatdınız. O da bir eksponat, o da bir tarix. Sizin onunla beşcə dəqiqə söhbətiniz kifayət edər ki, mənzillərin istismarına birdəfəlik son qoyulmasını arzulayasız.

Burdan gedək universitetə. Mülki müdafiə dərsinə. Bu dərsin avariyalı binada keçirilməsinə təəccüblənməyin. Yəqin praktikada tələbələrə dağılmış bina altında qalmağın nə qədər təhlükəli olmağını göstərmək istəyirlər. Dərsin ortasında, birdən, bina əsməyə başlayır. Siz öz-özünüzə düşünürsüz, görəsən bu sondur? Xoşbəxtlikdən məlum olur ki, mülki müdafiə dərsi verilən avariyalı binanın üst mərtəbələrində məktəb yerləşir və binanın titrəməsi dərsin bitməsilə şagirdlərin evə tələsməsindən irəli gəlir. Necədir? Adrenaliniz artdı? Əgər artmadısa, gedirik növbəti adrenalin dozasını almağa.

Sizi aparıram dövlət xəstəxanasına. Yolda marketə girib bir qab ketçup alıram və sizin köynəyinizi “al qana” bulayıram. Sizdən sadəcə qan itirmiş halsız və ölümcül olan adamı canlandırmaq tələb olunur. Xəstəxananın qapısından girərkən maraqlı, lakin etinasız baxışlarla rastlaşırsız. Qışqırırsız, ay haray, köməyiniz lazımdır. Sizi palataya gətirənədək, həkim tapılana, apteklərdən dava-dərman sifariş verilənədək üstünüzdəki ketçup qurumasa yaxşıdır. Hələ bu harasıdır? Bəyan etsəniz ki, bu yazığı küçədən tapmısız və nə onun pulu var, nə sizin? Bu zaman üstünüzdəki ketçup artıq yuyulmaz ləkə halına gələcək. Adrenalin hardadır bəs? Yaralı, fağır baxışlarınızı zilləyin üzündə mərhəmətdən əsər-əlamət olmayan tibb bacısının gözlərinin içinə. Bu zaman nə ketçup yadınıza düşər, nə oyun, qaçıb burdan canınızı qurtarmaq istəyərsiz və bir daha xəstə olmaq istəməzsiz. Kim istəyər ki?

Nəhayət, səyahətinizin bitkin olmasını istəyirsinizsə, yollanın Opera və Balet Teatrına, biletinizi elə seçin ki, yeriniz lociyaya düşsün. Yox, baletdən həzz almaq üçün deyil, oradakı canlı tarix olan Xanım X-i yaxından seyr etmək üçün. Balet başlayandan sonra məlum olacaq ki, parterdə yerlər boşdur. Sovet qadınından çox alman konsentrasiya düşərgələrindən gəlmə nəzarətçini xatırladan Xanım X lociyanın qapısını yavaş-yavaş açaraq içəri daxil olur. İşıqdan qaranlığa girdiyi üçün biz yalnız onun siluetini görürük və bu siluet qorxulu filmlərdəki obrazı xatırladır.  O, parterin boş olduğunu, daha əlverişli görüntü əldə edəcəyimizi vurğulayır. Lociyada bizdən savayı 5-6 tələbə və 1 cütlük var. Cütlük Xanım X-in dediyini qulaqardına vurur və mırıldamaqda davam edir, tələbələr isə sevincək, tamaşaçıları narahat etdiklərindən bixəbər, yığışaraq gedirlər parterə. Biz isə..., biz də bu təklifi qulaqardına vururuq. Önümüzdəki boşalan cərgədəki yerləri tutmağa tələsirik. Lakin Xanım X onun təklifini cavabsız qoyduğumuz və onun işini uzatdığımız üçün bizdən qisas almaq istəyir və bizə boş yerlərdə əyləşməyə imkan vermir. Hətta orkestrin səsini batırmağa belə qadir olduğundan əmin olaraq biz həyasızcasına (onun fikrincə) yerlərimizi dəyişirik və qadının reaksiyasına baxırıq. Qadın hiddət içindədir, qışqır-bağır salır. Lakin qorxu filmlərinin sizə heç bir zərər vermədiyi kimi, Xanım X-in də gurultusu boş olur. Prosesin özü isə bizə bol tarix adrenalini verir. Teatrın qapısından küçəyə, zülmətdən işığa çıxdıqda, elə tarixin qara dəliyindən də qurtarmış oluruq. Bu da bizim səyahətimiz.

Belə tarixi fərdlərin siyahısını artırmaq da olar. Ancaq, gündəlik əsəb normasını aşmaq olmaz. Onlar mağazalarda, dövlət müəssisələrində, notariuslarda, ictimai nəqliyyatda, ümumiyyətlə hər yerdə rastınıza çıxacaq. Nə olursa, olsun siyahınıza mütləq Bakı Metropolitenini salın, amma “bir-bir”. Tağı müəllim cüt rəqəmləri sevmir. 


P.S. Əgər feodalizm dövrünə səyahət etmək istəyirsinizsə, İngiltərənin və ya Şotlandiyanın qəsrlərini görməyə ehtiyac yoxdur. Əlbəttə, dövr uzaqlaşdıqca, sizin istəyinizin qiyməti də artacaq. Amansız feodalları öz gözünüzlə görmək üçün bir ferma alın, qatıq istehsal edin və çalışın satmağa. Bir müddət sonra, oturun yazı masasına və təəssüratlarınızı yazın. Hansı dövrdə qatıq satmaq daha rahat idi, Haqverdiyevin təsvir etdiyi ağalar və kəndlilər dövründə yoxsa XXI əsrdə? Yoxsa, siz də bu dövrlər arasında heç bir fərqin olmadığını anladınız? Necə deyərlər, dəyişən formadır, məzmun isə yüzilliklərdir ki, eyni olaraq qalır. Qatığın qablaşdırılması dəyişmiş olsa da, onu satmaq istəyən kəndli və bu satışı əngəlləyən ağa ilə müasir dövrün fermerləri və inhisarçıları görünür elə eynilik təşkil edir.




Friday, June 22, 2012

Yeni Bakı, Yeni Azərbaycan və Assosiasiyalar

  • Flame Towers - Balıq Binalar / Üç Barmaq
  • Park Bulvar - Ananaslı Bina / Yumurta Bina
  • Yeni Avtovağzal - Titanik
  • Crystall Hall - Üzük Bina
  • Filarmoniya Bağı - Volterra (Vampirlərin yığışdığı tin)
  • Heydər Əliyev Mərkəzi - Qəzaya uğramış təyyarə qalıqları / İlbizin çanağı
  • London Taksiləri - Badımcan Taksi / Tısbağa Taksi
  • Qırmızı Ayaqqabı Geyinmiş Oğlanlar - Qırmızı Fənərlər Küçəsi
  • Saçlarını yuxarıdan dürmələyib, makyajsız gəzən qızlar - Bakı Ferihaları
  • Flaş Mobçular - "Vətənpərvər Gənclik"
  • Küçədə üzərinə ətir vurulmuş kağız parçalarını paylayan qızlar və oğlanlar - İşsizlik
  • Küçədə üzərinə ətir vurulmuş kağız parçalarını aldıqdan sonra onu yerə atan kəslər - "Sivil Cəmiyyət"
  • Butik satıcılarının ədası - Böyük, böyük, lap böyük güzgülər
  • Müasir İncəsənət nümunələri - Salvador Dalinin heyranları
  • Yol polislərinin tıxacların aradan qaldırılması üçün səyləri - Qənd parçasına darışmış qarışqaların xaotik qaçması
  • Şadlıq Sarayları - Gecəqondular
  • İri avtomobil sürücüləri - Böyük Eqolar
  • Kiçik avtomobil sürücüləri - Qadınlar və Boş Ciblər
  • Klublar - Şöhrətpərəstlik Yarmarkası
  • Zebranı keçərkən yol verən sürücü - Möcüzə və ya "Ətəyin Gücü" və ya "güc birlikdədir" (Together We Can - Cross the Road)
  • Bayram Konsertləri - Heyranlıq (Evdən konsert məqsədilə çıxıb və kameranın obyektivinə tuş gələrkən mobil telefonu ilə evə zəng edib "baxın mən burdayam" deyərək əl eləyib, sonra evə qayıdan insandakı həvəsə heyranlıq
  • Xınayaxdı - Dirilən Ənənə yaxud Dirilən Biznes?
  • Aygün Kazımova - Xalq üçün Opium 1
  • Eurovision Bakı 2012 - Xalq üçün Opium 2
  •  Davay Do Svidaniya və CanCana - Xalq içindən çıxmış nəğmələr və ya Zəmanəmizin Qəhrəmanları


Məlumat Dəstəyi: Xalq

Wednesday, June 20, 2012

Mələk-Polislər

Ah, mən yenə də əmin oldum ki, bizim yol polislərimiz çox saf, təmiz ürəkli, haramdan uzaq insanlardır. Onların adını yol polisləri deyil, yol mələkləri qoymaq lazımdır. Həm də, Bakımızın meri Möhtəşəm Hacıbalanın - "Bakımız-mələklər diyarıdır" şərhinə tam uyğun gələr. İş orasındadır ki, bu günlərdə rəfiqəmlə məni Mərdəkan sahilində bir oteldə təşkil edilmiş son zəng qonaqlığına dəvət etmişdilər. Biz də bəzənib düzənib düşdük yola. Sən demə, hamı Mərdəkana gedirmiş, özü də qonaqlığa yox, dənizə. Yolumuzu yarılamışdıq ki, növbəti döngənin harada olmasını unutduq. Yol mələyindən kömək xahiş etdik. "Qardaş, bağışlayın, filan otele nece getmek olar?" Mələk qardaş o qədər utancaq idi ki, təpə dırnaq bizi süzəndən sonra "Mən elə yerlərə getmirəm" cavabını verdi. Ürəyim ağrıdı, istədim deyəm, gəl qon maşınımızın üstünə, aparaq səni qonaqlığa. Yox, belə sadəlövhlük olmaz axı. Əlqərəz, yetişdik məkana. Mələk qardaş hardasa haqlıymış. Çimərlikdə son zəng qəribə görünürdü. Çimərlik qiyafəsində olan hər bir kəs bizim uzun donlarımıza və makyajın bolluğuna heyran qalmışdı. Özümü pinqvinlərin sahilinə düşmüz ağ ayı kimi hiss elədim. Qərara gəldik tez qayıdaq. Yolda bir içkili sürücü hey manevrlər edirdi. Təhlükə o qədər böyük idi ki, yol mələyinin durduğu yerdə maşını dayandırıb yardım almaq istədik. Sonra onların nə qədər utancaq, abırlı, hayalı olduğunu yadımıza salıb vəziyyətdən özümüz çıxdıq. Bir az gözlədik, təhlükə sovuşanda yolumuza davam etdik.
P.S. Pakistanın əyalətlərindən birində polislərə təcili arıqlamaq tapşırığı verilib. Bel çevrəsinin ölçüsü 95 sm-dən artıq olan hər bir polis işdən azad edilə bilər. 
Müraciət: Əziz, Standardlaşdırma və Patent idarəsinin işçiləri, xahiş edirik, bizim polislərlə bağlı "ölçülər" götürərkən onlara Pakistan rəsmilərindən daha "nazik" davranasız. Hörmətlə, Cəmiyyət

Tuesday, May 1, 2012

Tüpürmək hüququnun məhdudlaşdırılması haqqında

Alimlərimiz son zamanlar Bakı və digər şəhərlərdə tüpürənlərin sayının kəskin artmasından narahat olaraq hökumətə müraciət etmiş, həyəcan təbili çalmışlar. Onların fikrincə, kütləvi tüpürmə halları xəstəliklərin artmasına gətirib çıxara bilər. Bədbəxtlikdən, müraciət edilən zaman, hökumətin başı gənc nəslimizin tərbiyəsinə təhlükə yaradan əcnəbi serialların qadağa olunmasına qarışmışdır. Zira, "tüpürənlərin inkar edilməsi" haqqında layihə kölgədə qalmış, alimlərimiz isə çox məyus olmuşlar. 

Çarəsiz alimlər, hər zamankı kimi, dilləri və qolları çox uzun olan mətbuat əhlinə müraciət etmiş, məsələnin nə qədər ciddi olmasını media ilə bölüşmüş və tədbir görməyi xahiş etmişdir. Bədbəxtlikdən, mətbuat əhli bu zaman, çamaşırxanada şou əhlinin paltarlarını yumaqla məşğul imiş.

Çıxılmaz vəziyyətdə qalan alimlər, öz tələbələrinə müraciət etmiş, barı, əhali arasında bir sorğu keçirsinlər, bir səbəbini öyrənsinlər. Axı niyə insanlar öz ayaqları altına tüpürür? Sadiq tələbələr suallarla silahlanaraq küçələrə düşmüş, yeddidən yetmişə qarşılarına çıxan bütün kişi cinsinin nümayəndələrindən tüpürmələrinə nəyin səbəb olduğunu soruşmuş. Yeddidən on yeddiyə böyük nəsilləri səbəb görmüş, böyük nəsillər isə atmış günahı zəmanənin boynuna. Yaşlı nəslin nümayəndələri ilə baş tutmuş dialoqlardan bir neçəsini nəzərinizə çatdırıram:
A) Cahil respondent
- Dayı, niyə üç addımdan bir tüpürürsən?
- Tüpürmək də pulnandır? İstəyirəm, tüpürürəm, bundan kimə nə?
- Heç kimə heç nə olmaz, amma alimlərimiz düşüb ortaya ki, xəstəlik yayıla bilər.
- Nə xəstəlik? Heç kimin, üzünə tüpürmürəm ki, yerə tüpürürəm də

B) Həssas, özünə bəraət qazandıran respondent
- Dayı, niyə üç addımdan bir tüpürürsən?
- Hamısı zəmanədəndir.
- Zəmanədən?
- Hə, ay oğul. O qədər stress çəkirik ki, biz də neqativ enerjini necəsə atmalıyıq axı. Falçılar da bunu təsdiqləyir, neqativ enerjidən qurtulmaq lazımdır. Sənə də məsləhət görürəm, öz oğullarıma da demişəm. Əsəbləşdin, tüpür yerə, get.


C) Savadlı respondent
- Dayı, niyə üç addımdan bir tüpürürsən?
- Ağzımdakı zərərli maddələrdən qurtarmaq üçün.
- Bəs o zərərli maddələrin başqalarına keçməsindən ehtiyyat etmirsən? Bəs birdən hökumət cərimə etsə səni?
- Yox qorxmuram, başqalarına keçsə, həkimlər mənə dua edəcək, cərimə edilsəm də vətənimə xeyir verəcəm. Həm də, yeni iş yerləri açılar. Tüpürcəkləri təmizləmək üçün xüsusi maşın gətirilər, işçi tutular. Bunun nəyi pisdir?

D) Tüpürən qadın
- Ay xala, bəs sən niyə tüpürürsən?
- Mənim kişilərdən nəyim əskikdi, məgər demokratik ölkədə yaşamırıq? Gender bərabərliyi deyilən bir anlayış var, oğul, görünür dərslərini yaxşı oxumursan.

E) Öz hüquqlarını bilən vətəndaş
- Tüpürməyə cərimə kəsilməsinə necə baxırsız?
- Pis baxıram, bu, tüpürmək azadlığının pozulmasıdır. 

Ümidi tükənmiş alimlər, məsələni təhsil nazirliyinə, maarif şöbələrinə yollayır, dərsliklərə bu barədə məlumat salınmasını, şagirdlərin maarifləndirilməsini xahiş edir. Bədbəxtlikdən, nazirin başı başqa qoçla bir qazana salınır, ara qarışır, məzhəb itir, və əhali hələ də bixəbər, tüpürməkdə davam edir.



Monday, April 30, 2012

"Seyrə balonlarla çıxanlar haqqında" (Həsr olunur Üzeyir Hacıbəyovun əziz xatirəsinə)

Biz artıq avtomobil minirik. Nəinki minirik, hələ üstəlik, basıb keçirik...kimi gəldi, necə gəldi, harda gəldi. Məgər siz sürücülər bilmirsiniz ki, sükan silah deyil, vasitədir, gərək əvvəl istifadə etməyi öyrənəsən, sonra sürəsən. Yox, gərək əvvəl, NECƏ sürməyi deyil, NƏ ÜÇÜN sürməyi öyrənəsiz. Ay sürücü, sənin məqsədin "A" nöqtəsindən "B" nöqtəsinə RAHATLIQLA getmək deyilmi? "C"-nin rahatlığını niyə pozursan bəs? Az qala əzib keçirsən. Hara tələsirsən? Bir dur, bir nəfəs al. Dünyanın axırı deyil ki, qoy bir yaşıl işıq yansın, onda "Eyvallah!". 
Bu nə hövsələsizlikdir? Bəlkəm, özlərini nümayiş etdirmək istəyirlər. Gecdi, əcnəbi avtomobilini çoxdan nümayiş etdirib, başqa şey fikirləş. Məsələn, hava şarı, min, uç, get. Nə yol işıqları, nə yol polisləri, nə də keçmiş kabusların (piyadalar) var. Uç, qoy Bakı küləkləri səni aparsın. Amma yerə enərkən, kiminsə başına düşməkdən ehtiyat elə. 
Bütün sürücülər inciməsin, inciyəcəklər özlərini yaxşı tanıyır. Onlar piyada olanda da eyni səhvləri edirlər. Qatarın qapısı açılmamış, camaat "Bismillah" deyib addımını atmamış, onlar qatarda artıq əyləşirlər. Avtobusu yolun ortasında saxladan, keçidi qoyub yolu keçənlər də onlardır. Əgər sükan sənindirsə, deməli sən yol qaydalarına tabesən, yol sənə yox. 
Axı bizim əziz yol polislərimiz yazıqdırlar, hamının ardınca qaça bilmir. Barı, onlara rəhminiz gəlsin. Onlar hələm çoban yastığının ləçəklərini "sevir, sevmir" saymaq qədər safdırlar.
Belə, sonda yol polisindən cümlə sürücülərə belə bir mesaj: "Cərimələrinizi vaxtında ödəyin, eybi yoxdur, qayda pozuntusu olan şeydir, hamının başına gələ bilər".
Bir də, deyirəm, bəlkə, imtahanlar kraliçası Məleykə xanıma müraciət edək, sürücülər və piyadalar üçün ümumrespublika imtahanı keçirsin. İmtahandan keçməyən sürücünün vəsiqəsi alınsın və imtahanı keçən piyadaya təntənəli surətdə təqdim edilsin.