Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Wednesday, September 26, 2012

Adını "Problem" Qoydum


Biri var idi, biri yox idi. Dünyaya bir uşaq göz açmışdı. Valideynləri onu çirkin sayıb, adını problem qoydular, özünü də atdılar uşaq evinə. Problem çox çətin uşaq idi, asta-asta böyüyürdü. Digər uşaqlar onunla yola getmir, hamı ondan kənar gəzirdi. Böyüdükcə, ondan daha çox qorxulurdu, ondan daha aralı gəzilirdi. Vaxt keçdi, Problem yeniyetməlik dövrünə çatdı və o, sakitliyini bir yana atıb "pis" olmağı qərara aldı. Onsuz da insanlar onu sevmir, onsuz da ona nifrət edirdilər. "Qoy həqiqi nifrət etsinlər" deyə Problem keçdi hərəkətə. Pəncərələri daşla sındırır, oğurluq edir, insanlara hücum edirdi. Onu küçədə görənlər, qara pişik görmüş kimi çəkilib digər yol seçirdilər. Problemin onsuz da qırıq ürəyi bir az da parçalanmışdı...

Bir gün, etdiyi əməllərdən peşiman olan, öz halına acıyan və özünü çox zəif hiss edərək divara söykənən Problemi Mərhəmət adlı bir xala evinə gətirir. Mərhəmət xala kimi insanlara qayğı göstərən yox idi, hərçənd insanlar çox naşükür idilər. Problemin də naşükür olacağından Mərhəmət xala şübhə etmirdi. Amma yenə də ona yardım etdi. Bir müddət Problemi heç kim görmədi, hamı daha ürəkli oldu, daha iri addımlara, daha çox özlərinə güvənərək hamı həyatına davam edirdi. Lakin çox keçmədən, Problem yenə üzə çıxdı. Bu səfər tər-təmiz əyin-başla, alicənab yerişiylə, gözəl hüsnüylə hamını valeh etdi. Heç kim onu başqasıyla səhv salmamışdı, amma hər kəs ürəyində "niyə mən əvvəl Problemin bu qədər yaraşıqlı olduğunu görməmişdim" deyə ah çəkdi. Sanki hər şey alt-üst oldu. İndi onu çətin, çirkin, kobud, və çağırılmamış saymırdılar. İndi hamı onunla dost olmaq istəyirdi. Hamı onun sirrini tapmaq, onu həll etmək istəyirdi. O gün ki, onu məktəbə Mərhəmət xalanın gətirməsini gördülər, Problem yox oldu, o həll oldu...

Əgər sizin də qarşınıza problem çıxarsa, onu əzməyin, incitməyin, ondan qorxmayın. Ona anlayış, mərhəmət göstərin və əmək verin. Onda həyat sizin üçün asanlaşacaq, problemlər çağırışlara,çağırışlar xeyirxahlığa, xeyirxahlıq insanlığa dönəcək.

P.S. Nil'in "beyinə məktub" və "Vicdan Teyze!" yazılarından ilhamlanaraq...

Friday, September 21, 2012

Ad yoxsa Sifət?

Bu dünyada hər şeyin adı var, hətta dünyanın da! Biz insanlar adlanırıq, heyvanları və əşyaları da adlandırırq. Amma hərdən görürsən, insanları da adlandırırq. Xüsusən, əsəbi olan zamanlarımızda. Məsələn, kiməsə "eşşək" deyə bilərik, kiməsə "dub" (palıd). Özü də adları səhv saldığımıza görə deyil, filankəsin xarakterinə, hərəkətinə görə. Amma haqsızlıq etmiş oluruq.

Məsələn,
Eşşəyin dili olsaydı, deyərdi ki, "sən niyə filankəsə "eşşək" deyə xitab etdin?" Məgər, o filankəs mənim qədər işləyir? Mənim qədər insana sadiqdir?
Palıdın da dili olsaydı, deyərdi, "nə olub, məndən mebel düzəldib qohum-qonşuya öyünəndə palıdam, amma düşüncəsi donmuş insana mənim adımı qoyursuz!"
Niyə diqqətsiz, eqoist insanlara "keçi" deyirik? Heç olmasa, keçidən xeyir var, pendirini yeyirik!
Niyə savadsız insana "monqol" deyirik? Məgər, monqollar yaratdığı imperiya, savad olmadan qurula bilərdimi?
Niyə "lom", "xiyar", "tormoz" (əyləc) və bir çox digər isimləri sifətə çevirirk?
Niyə sifət qalıb qıraqda, isim işlədirik? Savadsızlıqdan yoxsa tənbəllikdən?
Gəlin hər şeyi və hamını öz adı ilə adlandıraq. Vəliyə Vəli, Əliyə Əli, Keçiyə keçi deyək. Kiminsə və ya nəyinsə xüsusiyyətini təsvir etmək üçün kifayət qədər "sifətlər" var dilimizdə. Təklif edirəm, gələn ili "Qrammatika ili" elan edək. Təklif edirəm, savadlı olaq, tərbiyəli və alicənab olaq!


Saturday, September 15, 2012

Güzgüdə Yaşayanlar

 - Ədalətdən danışanlar haqsızlıq edir
- Maddiyyat düşkünləri mənəviyyatdan danışır
- Varlılar kasıbçılıqdan şikayət edir
- Falçılar dindən sitat gətirir
- Savadsızlar cahillikdən gileylənir
- Yaltaqlar özlərini vəfalı bilir
- Alimləri status, müəllimləri pul, həkimləri nə-qədər-çox-xəstə-o-qədər-çox-var-dövlət düşündürür,
 - Jurnalist şou, şou toy, toy yiyəsi kasıbçılıq düşünür

- Gənclər "irəli"də, "irəli" siyasətdə, siyasət şadlıq sarayında gəzir
- Böyük eqolar kiçilir, kiçik eqolar böyüyür
- Saç var vaxtından tez ağarır, saç var arsız-arsız uzanır
- Təbəssüm arxasında "sifət", "sifət" arxasında dərd, dərd arxasında həyat var
- Yalançı özünü dürüst bilir, dürüst elə bilir laldır, lallar dil açır
- Sənəddə vətəndaş, dildə yoldaş, əslində daş
- Girişdən çıxanlar, çıxışdan girənlər