Biri var idi, biri yox idi. Dünyaya bir uşaq göz açmışdı. Valideynləri onu çirkin sayıb, adını problem qoydular, özünü də atdılar uşaq evinə. Problem çox çətin uşaq idi, asta-asta böyüyürdü. Digər uşaqlar onunla yola getmir, hamı ondan kənar gəzirdi. Böyüdükcə, ondan daha çox qorxulurdu, ondan daha aralı gəzilirdi. Vaxt keçdi, Problem yeniyetməlik dövrünə çatdı və o, sakitliyini bir yana atıb "pis" olmağı qərara aldı. Onsuz da insanlar onu sevmir, onsuz da ona nifrət edirdilər. "Qoy həqiqi nifrət etsinlər" deyə Problem keçdi hərəkətə. Pəncərələri daşla sındırır, oğurluq edir, insanlara hücum edirdi. Onu küçədə görənlər, qara pişik görmüş kimi çəkilib digər yol seçirdilər. Problemin onsuz da qırıq ürəyi bir az da parçalanmışdı...
Bir gün, etdiyi əməllərdən peşiman olan, öz halına acıyan və özünü çox zəif hiss edərək divara söykənən Problemi Mərhəmət adlı bir xala evinə gətirir. Mərhəmət xala kimi insanlara qayğı göstərən yox idi, hərçənd insanlar çox naşükür idilər. Problemin də naşükür olacağından Mərhəmət xala şübhə etmirdi. Amma yenə də ona yardım etdi. Bir müddət Problemi heç kim görmədi, hamı daha ürəkli oldu, daha iri addımlara, daha çox özlərinə güvənərək hamı həyatına davam edirdi. Lakin çox keçmədən, Problem yenə üzə çıxdı. Bu səfər tər-təmiz əyin-başla, alicənab yerişiylə, gözəl hüsnüylə hamını valeh etdi. Heç kim onu başqasıyla səhv salmamışdı, amma hər kəs ürəyində "niyə mən əvvəl Problemin bu qədər yaraşıqlı olduğunu görməmişdim" deyə ah çəkdi. Sanki hər şey alt-üst oldu. İndi onu çətin, çirkin, kobud, və çağırılmamış saymırdılar. İndi hamı onunla dost olmaq istəyirdi. Hamı onun sirrini tapmaq, onu həll etmək istəyirdi. O gün ki, onu məktəbə Mərhəmət xalanın gətirməsini gördülər, Problem yox oldu, o həll oldu...
Əgər sizin də qarşınıza problem çıxarsa, onu əzməyin, incitməyin, ondan qorxmayın. Ona anlayış, mərhəmət göstərin və əmək verin. Onda həyat sizin üçün asanlaşacaq, problemlər çağırışlara,çağırışlar xeyirxahlığa, xeyirxahlıq insanlığa dönəcək.
P.S. Nil'in "beyinə məktub" və "Vicdan Teyze!" yazılarından ilhamlanaraq...
No comments:
Post a Comment