Modelyerlər: Şanelə and içmişik ki, Kokonun davamçısı olasıyıq, əgər o qadınlara kişi paltarı geyindiribsə, biz də kişilərə qadın paltarı geyindirəsiyik
Tarixçilər: Homerə and içmişik ki, tarix yazmaqda onun qədər kor, uydurmaqda onun qədər uzaqgörən olasıyıq
Proletariat: Leninə and içmişik ki, oxuyasıyıq, oxuyasıyıq, oxuyasıyıq - işdən vaxtımız və pulumuz olanda
Falçılar: Nostradamusa and içmişik ki, bütün olacaq hadisələri onun dediklərinə uyğunlaşdırasıyıq, insanlara dəqiq, qərəzsiz, şəffaf məlumat verəsiyik və hər zaman saçımıza boya qoyasıyıq ki, heç bir şarlatan işimizə mane olmasın
Siyasətçilər: And olsun Baron Münxauzenə ki, həqiqət və həqiqətdən savayı dilimizə heç bir mənfur söz gəlməyəcək
Diplomatlar: Kissencerə and olsun ki, heç bir diplomatı dodağından öpməyəsiyik (Brejnev onda özündə deyildi)
Yazıçılar: And olsun Şekspirin Hamletinin əlində tutduğu o kəllə sümüyünə ki, nədən yazmaq və necə yazmaq bizi düşündürməyəcək, əsas odur ki, yazaq!
Jurnalistlər: Julian Assanja and olsun ki, heç vaxt çörək ağacımız olan "məlumatları"n axıb getməsinə razı olmarıq, plaqiat düşmənimiz, şantaj mənfur qonşularımızdır
Müəllimlər: Təhsilimizin günəşi Amon-Misirə and olsun ki, rüşvəti insafla alasıyıq, qiyməti ədalətlə kəsəsiyik, qoyun yox, merinos yetişdirəsiyik ki, yunundan bilik əyirək
İdmançılar: Supermenin əzələlərinə and olsun ki, ölkəmizi hər olimpiadada layiqincə təmsil etməsək, bir də heç yerə uçmayasıyıq
Hərbçilər: Vilhelmin bığlarına and olsun ki, asıb-kəsib, talayan zaman heç bir işkəncəyə yol verməyəsiyik
Mühəndislər: Qaudiyə and olsun ki, siyasətçilər kimi yalandan vəd vermir və gələn tikintilərdə sementin kəmiyyətini, dəmirin keyfiyyətini artırmayasıyıq, binalarımız əyri və estetik olacaq
No comments:
Post a Comment