Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Tuesday, February 12, 2013

Kuklalar və Marionetlər

Diyarların birində, insanlar gözəgörünməz iplərlə idarə olunurlar. Onlar marionetlərə bənzəyir, iplərdən istəsələr belə qurtara bilmirlər. Həmin insanlar bu iplərə mentalitet deyirlər. Bu iplər elə düyünlənib ki, İskəndərin qılıncı olmadan onları açmaq mümkün deyil. Ən dəhşətlisi orasıdır ki, onların beyinlərinə də iplər keçirilib - ip qırılsa, son yetişəcək...Bu səbəbdəndir ki, marionetlər öz bəxtləri ilə barışıblar, heç nəyi dəyişmək barədə düşünmürlər, yaşayırlar. Onların aləmində yaşamaq - doğulmaq, böyüdülmək, oxudulmaq, evləndirilmək, işlədilmək, doğmaq, böyütmək və ölməkdir. Onlar "niyə?" sualı vermirlər. Onlar üçün "son" anlayışı ölməkdir. Amma marionetlər tək deyillər, onların da diyarında gəlmələr var - kuklalar - onların əllərinə və ayaqlarına ip keçirilsə də, beyinləri azaddır. Onlar suallar verir və ən azı ölumdən sonra ədalətə inanır. Ən bədbəxt olan elə kuklalardır. Çünki, iplər onlara əziyyət verir, hər dəfə tərpədiləndə dözülməz ağrıya tab gətirməli olurlar. Səbəb, bu iplərin onlara uyğun gəlməməsidir. Belə ki, marionetlər parçadan hazırlanıb, onları əymək və şəkil vermək daha asandır. Kuklaları isə saxsıdan düzəldiblər, ən rahatı onları sındırmaqdır...

Friday, February 1, 2013

Səmaya Seyr

Ən sıxıldığım, ən üzüldüyüm, ən qırıldığım zamanlarda bir cüt qanad istəyirəm. Geriyə, irəli, sağa, sola çıxış qalmayanda ən düzgün qərar uçmaqdır. Göylərə hər zaman müraciət edirik, Allaha dua edəndə, nəzərlərimiz ətrafdan doyanda, gözlərimizlə nəfəs almaq istəyəndə, ah çəkəndə - ümidlərmizin son mənzili, harada ki, fikirlərimiz zəncirlənmir, hisslərimiz təmizlənir, baxışlarımız dincəlir. 

Mən, sən, o - səmada seyrə çıxırıq, əlimizdə ulduz xəritəsi, saatlarla izləyirik, yorulmadan, sakitcə, sevgiylə, səbrlə. Baxmayaraq ki, ətrafımızda dörd divar var, səmanın ulduzlarla döşənmiş kiçik bir hissəsinə zillənən baxışlarımız, onlar nə qədər azaddır. Ulduzlar bizə göz vurur, biz onlara təbəssüm yollayırıq, onlar səpələnmiş olsalar belə, yenə də birdirlər, bizim gözümüzdə. Biz də birik, tək-tək olsaq belə. 

İndi artıq böyümüşük. İndi artıq səmaya seyr etmirik, günü-gündən uzaqlaşan və soyuyan xatirələrimizdə gəzirik. İndi artıq göylər bozdur, ulduzlar qəlblərimizdə parlayır. İndi artıq xəritəmiz yoxdur, xatirəmiz var. İndi yalnız biz varıq.