Diyarların birində, insanlar gözəgörünməz iplərlə idarə olunurlar. Onlar marionetlərə bənzəyir, iplərdən istəsələr belə qurtara bilmirlər. Həmin insanlar bu iplərə mentalitet deyirlər. Bu iplər elə düyünlənib ki, İskəndərin qılıncı olmadan onları açmaq mümkün deyil. Ən dəhşətlisi orasıdır ki, onların beyinlərinə də iplər keçirilib - ip qırılsa, son yetişəcək...Bu səbəbdəndir ki, marionetlər öz bəxtləri ilə barışıblar, heç nəyi dəyişmək barədə düşünmürlər, yaşayırlar. Onların aləmində yaşamaq - doğulmaq, böyüdülmək, oxudulmaq, evləndirilmək, işlədilmək, doğmaq, böyütmək və ölməkdir. Onlar "niyə?" sualı vermirlər. Onlar üçün "son" anlayışı ölməkdir. Amma marionetlər tək deyillər, onların da diyarında gəlmələr var - kuklalar - onların əllərinə və ayaqlarına ip keçirilsə də, beyinləri azaddır. Onlar suallar verir və ən azı ölumdən sonra ədalətə inanır. Ən bədbəxt olan elə kuklalardır. Çünki, iplər onlara əziyyət verir, hər dəfə tərpədiləndə dözülməz ağrıya tab gətirməli olurlar. Səbəb, bu iplərin onlara uyğun gəlməməsidir. Belə ki, marionetlər parçadan hazırlanıb, onları əymək və şəkil vermək daha asandır. Kuklaları isə saxsıdan düzəldiblər, ən rahatı onları sındırmaqdır...
No comments:
Post a Comment