Ağlamaq gülmək qədər vacibdir. Bu da bir bacarıqdır, hər insan bacarmır. Bəzən insan sevincindən ağlayır, bəzən də kədərindən gülür. Bəzən də nə ağlayır, nə gülür. İçinə qapanır, içində susur. Emosiyalar yox, heç nə yox. Amma müəyyən zamana, müəyyən həddə qədər. Hər kəsin bir "ağlama nöqtəsi" var. Kimi kövrəkdir, anında göz yaşlarını tökür, rahatlayır. Bəlkə də rahatlamır. Kimi də içinə salır, salır, salır, sonra kiçik bir qığılcımdan coşur. Çox gülməlidir, sənə həqiqətən dərd verən, içini yeyən dərdlərə dözürsən, dözürsən, amma öz "ağlama nöqtənə" çatanda özünü saxlaya bilmirsən. Və heeeyyy, töküldü göz yaşları, döndü selə və o yaşlarla illər boyu, aylar boyu yığdığın dərdlər, qəmlər bir-bir tökülür, axıb gedir...
Görəsən dərdləri, fikirləri, elə sevincləri belə göz yaşı ilə ölçmək olar? Onsuz da insan hey hər şeyi ölçməyə çalışır. Görəsən tərəzidə nə ağır gələr, itirilmiş neyronlar yoxsa tökülmüş göz yaşlarının sayı?
Bacımla bu barədə danışırdıq, deyirdik ki, şən, çox gülən insanların gözlərinin ətrafında yelpikvari qırışlar əmələ gəlir. Onlar eybəcər olmur, əksinə, insana yaraşıq verir. Bu onların gülüşlərinin ölçüsüdür. Bəz göz yaşları? Onların izi varmı?
No comments:
Post a Comment