Lyuis Karrolun təxəyyülü bütün epileptik tutmaları ilə birgə analoqu olmayan bir ölkədə mənasız kağız parçasına çevrilir, Tomas Morun Utopiyası Anti-analoq-stan qarşısında reallığa çevrilir, Conatan Sviftin Qulliveri kiçilir, Lilliputları böyüyür, Bekketin absurd teatrında sağlam düşüncə tapmaq olur, Qoldinqin uydurmalar adası canlanır, Bredberrinin mexaniki köpəyi quyruq bulayır. "Möcüzələr ölkəsində" hər şey qəribədir. Nə tərsinədir, nə əksinə, sadəcə qəribəliklərlə doludur. Məsələn, ölkənin sakinləri pişikləri öldürməyi günah sayır, onları Peyğəmbərin sevimli heyvanı adlandırır, amma sığallamaq əvəzinə "ayaqlayır". Ayaqları ilə pişiyin başından belinə, belindən başına toxunmalarını ayaqqabılarının gönündən keçən sevgiləriylə əsaslandırırlar. Kerrolun pişiyindən uzaq, şükür onun təkcə başı var idi. Utopiyadan fərqli olaraq "Möcüzələr ölkəsində" məhkəmələr yoxdur, çünki, ədalət anlayışına ehtiyac duyulmur. Misal üçün, ən sevdiyin müğənni ən sevdiyin insanı maşınla basıb keçir. Nə olsun? Bir xətaya görə insanı bədbəxt etmək olarmı? Qoy oxusun, bir insana görə o boyda el şənlikləri manıssız qalsın? Bu ölkədə, insanlara ölçüsünə görə lilliput deyilmir, yalnız cibinin kiçikliyinə görə. Hələ neçə yazıçılar bu möcüzələr qarşısında qələm qıracaqlar? Hələ neçə şair bu gözəlliklər qarşısında huşunu itirəcək? Hələ neçə ölkə bu diyara həsəd aparacaq? Sonda, yoldaş Ostap Bender demişkən: "Заседание продолжается, господа!".
No comments:
Post a Comment