Ölmək yasaqdır, yaşamağa məcburuq. Biz təlaş keçirənlərik, təkcə özümüzə aid olan şeylərlə bağlı deyil, hamı və her şey üçün. Biz adaya məhkum olmuş üzə bilməyən kimsələrik. Biz itirmək istəmirik, başqalarının ucbatından. Biz də yaşamaq istəyirik.
Son bir aya yaxındır bütün xəbərləri görməzdən gəlirəm. Nə bilmirəm, nə eşitmirəm. Guya ki, özümü təlaşdan qoruyuram. Heyhat, təlaşı hər gün nəfəsimlə alıram, ətrafdakı tikinti tozunu hava ilə udmaq qaçılmaz olduğu kimi. Tarixlə də hər gün təmasdayam. Birdən vahimələndim, çünki, onun təkrarlanmasını dəfələrcə özüm üçün yenidən və yenidən dərk etmişəm, amma şahidi olmamışam.
Son yüz ildə baş verənlər - onların təkrarlanma ehtimalı nə qədərdir axı?
Yüz il əvvəl də toz var idi Bakıda, indi də.
Yüz il əvvəl də qoçular var idi, indi də, sadəcə ruhən reinkarnasiya olunmuşlar.
Yüz il əvvəl də neft milyonçuları və onların balaları var idi, indi də, bir fərqlə ki, o zamanlar, neft -milyonçuların idi.
Yüz il əvvəl də kütlə var idi, indi də, nə qədər ki, Azərbaycan xalqı Sabirə rəhmət oxuyur, hələ olacaq da.
Yüz il əvvəl Rusiya İmperiyası da var idi, bədbəxtlikdən. İndi də Rusiya var, bədbəxtlikdən. Putin kimi axmaq var imiş, məni təlaşa salan, 1920-ci ilin, 28 Aprel ayının təlaşı var içimdə, Əlinin Gəncədə yaşadığı təlaş. Mühacirlərin təlaşı. Həyatın yarıda qırılması təlaşı...
Sonra, özümə təsəlli verdim. O, müvəqqəti, amma, acı təsəllilərdən. Həyatımızı yarıda qoyacaq o qədər şeylər ətrafımızda olmuşkən, Putindən günah keçisi düzəltməyim. Axı, ehtimal var ki, şəhərin o gözəl küçələrindən birindən keçərkən, balkondan başıma daş düşsün, ya da on beş yaşlının təkərləri altında qalım, ya da müqəddəs həkim toxunuşundan o dünyalıq olum. Putin nə çaradır ki?
P.S. Özüm özümə səslənirəm ki, "Say something, I'm giving up on you"
No comments:
Post a Comment