Kədərləndirəcək, kövrəldəcək, üzəcək o qədər şey var ki həyatda. 90-cı illərin məşhur Bitter Sweet Symphony (Verve) fırlanır beynimdə.
"Cuz it's a bittersweet symphony, this life"
Çünki, acı-şirin simfoniyadır, bu həyat
Soma hadisəsi adamı kövrəltməyə bilməz, əgər gözünüz yaşarmadısa, deməli, ya adam deyilsiz, ya xəbərləri oxumamısız, ya da əksinə, dünyada belə şeylərlə üz-üzə çox rast gəlmisiz. Bu hadisə haqqında öyrənəndə, beynimizdən keçənlər - Van Qoqun çəkdikləri rəsmlər, Latın Amerikasında (ölkəni xatırlamıram) qızıl mədənində, 700 metrdən çox dərinlikdə ilişib qalmış mədənçilərin yarı ümid-yarı ölüm içində, iki aydan sonra sağ çıxarılması, Viktorian dövrünün tarix dərsləri, Çin, Ukrayna, Mərakeş, Romanovların qalıqlarının atıldığı mədən, mina, soyuq, şaxta, toz və kömür. Nə qədər əlaqələndirsən, o qədər taparsan.
Dərs - öyrənilmədi.
Onlar, yaşamaq üçün özlərinə həyat qazırdılar, ya da ölüm.
Şans verilmir, imkan düşür, ya da sən düşürsən imkanın əlinə.
Sonra qalırsan küləyin ümidinə, bir tikə çörəyin şirinliyinə.
Qorxaqlar yerin altına canlı girməz, çarəsizlər girər.
Sözlər bitdi, musiqi davam edir - çünki, acı-şirin simfoniyadır, bu həyat
No comments:
Post a Comment