Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Thursday, May 29, 2014

Vudi Allenlə 95 il geriyə və yaxud "Midnight in Baku"




28 May günü idi. Öz-özümə fikirləşirdim ki, bu bayramın Azərilər üçün Yeni il və ya Novruz bayramı statusuna yüksəlməsinə çox var hələ, 96 il keçməsinə baxmayaraq. 1918-ci ilə qayıtmaq nə xoş olardı, olanları öz gözümlə görmək, nə dəhşətli olardı, mart qırğınlarını yaşamaq. Tüklərim biz-biz durdu qollarımda. Amma fikirləşməyə davam etdim. Vudi Allenin Midnight in Paris filmi yadıma düşdü... Evdən çıxdım, getdim bulvara, oturdum skamyanın üstündə, gözlərimi yumdum və faytonu gözləməyə başladım. Saat 12 tamamda, bir fayton qarşımda saxladı, içəridən yaraşıqlı bir oğlan məni səslədi. Həyəcanımı bildirmədən, mənə uzadılan əldən yapışıb faytona mindim.

-                 Lev Nussimbaum, tanışlığımıza məmnun oldum.
-                (Həyəcanla, özüm də bilmədən, başqa ad verdim) Azadə.
-                Hardan gəlirsiz?
-                Gələcəkdən.
-                Respublika durur?
-                Durur (bəli, yıxılıb, əzilib, qalxıb, deformasiya olub, amma durur).
-                Bəs insanlar?
-                Eynidirlər.
-                Gedək, Ninaya deyim, sizə müasir paltar versin, sonra sizi tanış edəcəyim insanlar var.
-                (təbəssüm, Nina? Nino?)

Nina gənc və gözəl idi. Paltarları da mənə dar oldu. Beli çox incə idi. Əlinin Ninoya niyə bu qədər aşiq olmasını indi anladım. Bilirsiniz hansı günə düşmüşdüm? 1919-cu il, 28 May, Respublikanın bir yaşı tamam olurdu. Lev məni, Respublika gününə həsr olunmuş gecəyə aparırdı. Orada kimləri görəcəkdim? Xəyallarımın zəncirlərini qırdım, sonra yadıma düşdü ki, bir çoxlarını görməyəcəm, onlar bu an Parisdə, Vilsonla görüşdədirlər. Lev, Nina və mən gəldik Qubernator bağına, indiki Filarmoniyada ziyafət təşkil edilmişdi. Ürəyim çırpınırdı, belə anlarda təmkinli olmaq müşkül məsələdir.

Girişdə şəkillərdən əzbər tanıdığım bir simanı gördüm. Tağıyev! Onun özü! Astaca bizə tərəf başını əyib içəri keçdi, onun üçün ən hörmətli yer hazırlamışdılar.

Sara, Banu! Gəlin buraya, gələcəkdən qonağımız var, Lev qışqırdı. İki gənc qız bizə doğru addımladılar. Sara mənə sadə, Banu isə marağını gizlədə bilməyən, özünə əmin bir xanım obrazı yaratdı.

Banu (səsində istehza ilə) – Dünya hələ fırlanır ?
Mən (istehza ilə) – Yox, yavaşıyıb, qocalıb, əldən düşüb.
Banu – Tülkülük edir, lazım olanda yenidən sürətlənəcək.

Budur, onu gördüm, mənim sevimlim, şəklinə hər zaman vurğun olduğum – Fətəli Xan Xoyski. Asta addımlarla kiməsə tərəf gedirdi. Lev onu səslədi, - Lyova! Axşamınız xeyir! (uzundə böyük təbəssüm).

Lev – Xoş gördük, Fətəli bəy, tanış olun, gələcəkdən dostum, Azadə.
Mən (əlimi üzatdım, nəfəsim daraldı, səsimdə xırıltı ilə) – Axxxxşşamınız xeyyir, Fətəli bəy.
Fətəli – Demək gələckdən gətirmisən bu gözəli (əridim), Lyova! Xanım, gələcək necə bir yerdir?
Mən – Naməlum bir yerdir, ürək sıxıcıdır. Keçmişi daha çox sevirəm.
Fətəli – Keçmiş deyəndə bu günü nəzərdə tutursunuz? Adımız tarixə yazılıbmı, xanım? (xanım deməsindən çox xoşum gəlir, çünki, vurğunu bu sözün üstünə salır)
Mən – Bəli (qızıl hərflərlə, ürəklərimizdə). Siz qurucularsınız.
Fətəli - Biz? Hələ qurmağa çox şeyimiz var. Çətin məsələdir. Qılınclar paslanıb, bütün ümidlər qələmə qalıb.
Mən – Sizcə, qılınc həll edə bilmədiyini qələm düzəldəcək?
Fətəli – Hamı yazıb oxuya bilsəydi, nə dərdimiz olardı?
Mən – Mənim gəldiyim yerdə, çoxları yazıb-oxuya bilir, amma dərdlər azalmır.
Fətəli – Demək istəyirsiniz, təhsilin də yan təsiri olur?
Mən – Bəli, əgər, təhsilin məqsədi düşündürmək yox, yönəltməkdirsə.

Söhbətimiz yarımçıq qaldı, zalda musiqi səsləri eşidildi. Himnimiz çalındı, heç zaman olmadığım qədər qürurlandım, qəhərləndim. Məmməd Əmin Rəsulzadəni gördüm, çıxış edirdi, sözlərini qırıq-qırıq eşidirdim – azadlıq, xalq, əbədi… Bu bir il onlar üçün nə qədər önəmlidir. Onlar üçün gələn il bu vaxt artıq olmayacaq. Pərən-pərən düşəcəklər. Fətəli də olmayacaq, Tiflisdə gülləyə tuş gələcək. Gözümün kənarlarından damcılar süzüldü üzümə.

Lev – Azadə, üzülməyin bu qədər (təbəssüm), hər şey yaxşı olacaq!
Mən – Əlbəttə, hər şey yaxşı olacaq.
Lev – Gəlin, sizi evinizə ötürüm. Gedək.
Mən – Sizin kitabları çox sevirəm, çoxunu oxumuşam. Amma İtaliyaya getməsəz daha yaxşı olar, bəlkə, Birləşmiş Ştatlara gedəsiz?
Lev (mənə sayıqlayırmışam kimi baxdı, gülümsündü, heç nə demədi). Doğrudan da, sayıqlayırdım. Soyuq tər içində oyandım, telefona baxdım, tarix – 29 May, 2014. 

Thursday, May 15, 2014

Yaşamaq üçün qaz

Kədərləndirəcək, kövrəldəcək, üzəcək o qədər şey var ki həyatda. 90-cı illərin məşhur Bitter Sweet Symphony (Verve) fırlanır beynimdə. 
"Cuz it's a bittersweet symphony, this life" 
Çünki, acı-şirin simfoniyadır, bu həyat
Soma hadisəsi adamı kövrəltməyə bilməz, əgər gözünüz yaşarmadısa, deməli, ya adam deyilsiz, ya xəbərləri oxumamısız, ya da əksinə, dünyada belə şeylərlə üz-üzə çox rast gəlmisiz. Bu hadisə haqqında  öyrənəndə, beynimizdən keçənlər - Van Qoqun çəkdikləri rəsmlər, Latın Amerikasında (ölkəni xatırlamıram) qızıl mədənində, 700 metrdən çox dərinlikdə ilişib qalmış mədənçilərin yarı ümid-yarı ölüm içində, iki aydan sonra sağ çıxarılması, Viktorian dövrünün tarix dərsləri, Çin, Ukrayna, Mərakeş,  Romanovların qalıqlarının atıldığı mədən, mina, soyuq, şaxta, toz və kömür. Nə qədər əlaqələndirsən, o qədər taparsan. 
Dərs - öyrənilmədi. 
Onlar, yaşamaq üçün özlərinə həyat qazırdılar, ya da ölüm. 
Şans verilmir, imkan düşür, ya da sən düşürsən imkanın əlinə. 
Sonra qalırsan küləyin ümidinə, bir tikə çörəyin şirinliyinə.
Qorxaqlar yerin altına canlı girməz, çarəsizlər girər.

Sözlər bitdi, musiqi davam edir - çünki, acı-şirin simfoniyadır, bu həyat



Tuesday, May 6, 2014

Sadness

When your heart is empty and hands are down,
When your thoughts are wondering in the nothingness of this life,
When dreams evaporate leaving crystal remains of future,
When past hurts and future slaps,
When chains are heavy and wings are broken,
Lumps in your throat or in your heart?
Laughing when you want to cry,
Melancholy, pessimism, desolation,
Regrets,
Mistakes,
Speechless,
Hard to breathe,
Silence,
Drops,
Rain or Tears?
Fading lights,
Blank,
Darkness,
The end!

Thursday, May 1, 2014

Pessimən və Optimən

Tələsə-tələsə turniketdən keçdim ki, qatar artıq platformadadır. Hündür daban ayaqqabılar üzündən ehtiyyatla pilləkənləri düşüb istədim qapılar bağlanmadan qatara özümü yetirim. Yarı dolu və yarı boş stəkan nəzəriyyəsinin yeganə tərs işlədiyi yer Bakı Metropolitenidir. Qatar yarı boş idi, deməli mən optimistcəsinə ümidlənmişdim. Lakin, xəttin üzərində duran növbəti qatarı gözləyən bir sürü insan baryerini aşa bilmədim. Dirsəkləmək və itələmək qabiliyyətim yoxdur. Odur ki, yarı boş qatarın qapıları bağlandı və işə gecikməmək ümidimi də alıb getdi. Mən də - mən də, birinci özümü, sonra insanları günahlandırdım. Sonra, içimdəki pessimən dedi ki, həyat da bu qatara bənzəyir, gözünün önündə yarı boş çıxır gedir, sən də qalırsan arxasınca baxa-baxa. Sonra tüpürdüm (platformaya deyil, məcazi mənada) və boş verdim. Optimənim dilləndi, dedi ki, hər ötürülən qatardan sonra, yeni qatar gəlir. O olmasın, bu olsun, demişdim ki, yeni qatar gəldi. Özü də boş! Yəni, nəzəriyyədə dolu! Xəttə yeni qatar buraxmışdılar, mənim mənlərim dedi ki, bu sənin üçündür, işarədir. Həyat da belədir, hər boşa çıxan ümidə, yenisini yetirir. Minərkən, platformada yığılmışların mənləri tərəfindən dirsəkləndim və itələndim, amma olsun, mübarizəyə davam. Dolu stəkanlar və boş qatarlar arzusuyla #HadiEyvallah

Self-Təlaş vs Self-Təsəlli

Ölmək yasaqdır, yaşamağa məcburuq. Biz təlaş keçirənlərik, təkcə özümüzə aid olan şeylərlə bağlı deyil, hamı və her şey üçün. Biz adaya məhkum olmuş üzə bilməyən kimsələrik. Biz itirmək istəmirik, başqalarının ucbatından. Biz də yaşamaq istəyirik.

Son bir aya yaxındır bütün xəbərləri görməzdən gəlirəm. Nə bilmirəm, nə eşitmirəm. Guya ki, özümü təlaşdan qoruyuram. Heyhat, təlaşı hər gün nəfəsimlə alıram, ətrafdakı tikinti tozunu hava ilə udmaq qaçılmaz olduğu kimi. Tarixlə də hər gün təmasdayam. Birdən vahimələndim, çünki, onun təkrarlanmasını dəfələrcə özüm üçün yenidən və yenidən dərk etmişəm, amma şahidi olmamışam. 

Son yüz ildə baş verənlər - onların təkrarlanma ehtimalı nə qədərdir axı? 

Yüz il əvvəl də toz var idi Bakıda, indi də. 
Yüz il əvvəl də qoçular var idi, indi də, sadəcə ruhən reinkarnasiya olunmuşlar.
Yüz il əvvəl də neft milyonçuları və onların balaları var idi, indi də, bir fərqlə ki, o zamanlar, neft  -milyonçuların idi.
Yüz il əvvəl də kütlə var idi, indi də, nə qədər ki, Azərbaycan xalqı Sabirə rəhmət oxuyur, hələ olacaq da. 
Yüz il əvvəl Rusiya İmperiyası da var idi, bədbəxtlikdən. İndi də Rusiya var, bədbəxtlikdən. Putin kimi axmaq var imiş, məni təlaşa salan, 1920-ci ilin, 28 Aprel ayının təlaşı var içimdə, Əlinin Gəncədə yaşadığı təlaş. Mühacirlərin təlaşı. Həyatın yarıda qırılması təlaşı...

Sonra, özümə təsəlli verdim. O, müvəqqəti, amma, acı təsəllilərdən. Həyatımızı yarıda qoyacaq o qədər şeylər ətrafımızda olmuşkən, Putindən günah keçisi düzəltməyim. Axı, ehtimal var ki, şəhərin o gözəl küçələrindən birindən keçərkən, balkondan başıma daş düşsün, ya da on beş yaşlının təkərləri altında qalım, ya da müqəddəs həkim toxunuşundan o dünyalıq olum. Putin nə çaradır ki?

P.S. Özüm özümə səslənirəm ki, "Say something, I'm giving up on you"