Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Friday, July 12, 2013

Millətlərin marafonu

Bu marafon qeyri-adi olacaq. Heç bir qayda yoxdur. Hətta, məsafənin uzunluğu belə naməlumdur. İstəyən qoşulsun. İstəyən start nöqtəsindən, istəyən yolun yarısından, istəyən elə finişə iki yüz əlli metr qalmış. Bir də, bu yarışma marafonla estafetin qarışığıdır. Çubuğu özününkünə ötürə bilərsiniz, istənilən an, istəmədən belə. Kiminin komandasında bir nəfər var, kimində on nəfər, fərq etməz. Qaydasız döyüşü xatırladır bu yarışma. İstəsən, vur yıx, təki irəli keç. Hamı qaçır, bilinməyən mənzilə...

Azərilər də qaçır, bərk qaçır. Qədimlərdən bu yana, çubuğu da hey ötürürlər, amma dava-qırğınla. Amazonlar, xəzərlər, oğuzlar, qıpçaqlar...itələyə-itələyə... ...şirvanşahlar, eldənizlər, elxanilər, qaraqoyunlular, ağqoyunlular, səfəvilər və s. "lər". İkicə illik məsafəni qətiyyətlə, qayda pozmadan qət etdiyinə görə Azərbaycan Cumhuriyyəti oyundan diskvalifikasiya edilir. Axı qaydasız oyunda olmayan qaydanı necə pozmamaq olar?

Tuesday, July 2, 2013

Hopelessly pessimistic land


a land where people want to think but can not,
a land where people want to live but may not,
a land where people want to feel but do not...

...


where you plan but do not realize,
where you complain but do not act,
where you go but do not reach...

...

painted streets and faceless people,
noisy cars and homeless animals,
no smiles, no books, no hope, no glory,
only arrogance and stupidity...

Eternity of desolation


Friday, June 28, 2013

Göydən Pişiklər Yağır

 Mark Zusakın "Kitab Oğrusu" əsərini oxumasam da, oradakı "Söz Silkələyən Qız" hekayəsinin azərbaycan dilinə tərcüməsini Asiadeh Rollandın blogunda oxudum (  http://thoughts-in-rainbow.blogspot.com/2013/02/soz-silklyn-qz.html  ). Müəllifin nağılla oxuculara çatdırdığı həqiqətlər əks olunub bu hekayədə. 

Bəs həqiqətlə insanlara çatdırılan nağıl necə? "Pişik Silkələyən Oğlan" xəbərini eşitmisiniz? Parkların birində, nənəsi ilə gəzməyə çıxan iki yaşlı oğlan bir pişiyə rast gəlir. Onu sığallamaq istəyir bəlkə də. İki yaşlı uşağın pişik barəsində nə düşündüyünü demək çətindir. Bəlkə pişiyi kəşf etmək istəyir, toxunaraq. Pişik uşaqla maraqlanır, amma bir neçə dəqiqədən sonra, bezərək ağaca dırmanır, özü də lap üst budaqlara. Bunu görən uşaq, yaxınlaşır ağacın gövdəsinə və kiçik əlləri ilə pişiyi yerə salacağına inanaraq ağacı silkələyir. Oğlanın gücsüzlüyü həqiqəti, ağacın tərpənməyəcəyi faktı və bunlara baxmayaraq, pişiyin caynaqları ilə budağa daha da bərk yapışması qorxusu... 

Bu həqiqətləri keçən gün gözümlə gördüm. Sadə reallığı yozdum və buradan sizə həqiqətlə çatdırdığım nağıl budur - Ağac həyatımızdır, pişik arzularımız. Biz də həmin uşaq, arzularımızı silkələməyə çalışırıq!

Monday, June 17, 2013

Do You Hear the People Sing (Les Miserables)

Tarixi araşdırmağın yeganə xeyiri var - nəticə çıxarmaq və edilən səhvləri təkrarlamamaq. Lakin insan səhvə meyllidir, o, özünü hər zaman kənarda görür, hadisələrdən kənarda. Cərəyan axırsa, o, kənardadır, hamı səhnədədirsə, o, tamaşaçıdır, ona heç nə olmayacaq, o fərqli çıxış yolu tapacaq. Hadisələr isə əksini göstərir. İnsan elə həmin o qədim insandır. Homer ya Nizami, Mövlanə ya Hüqo və neçələri - hamısı insanın içində yaşayan bütün mələkləri və şeytanları açıb göstərmişlər. Bu adlara diqqət yetirin, onlar öz əsərlərində sizi tarixin ən fərqli dövrlərinə aparır, amma orada baş verən insan davranışları bir-birindən fərqlənmir, xeyir və şər, yaxşılıq və pislik qoşa gəzir. Xülasə, heç nə dəyişməyib, səhvlərimiz də.



1789-cu ildə Fransada inqilab başlananda heç kimin bu hadisəyə "inqilab" kimi xitab etməyə dili gəlmirdi. Çünki, küçələrə çıxan insanların heç birinin siyasi tələbləri yox idi, onlar sırf iqtisadi və sosial problemlər üzündən etiraz edirdilər. Onlara desəydiniz ki, Fransa konstitusiyalı monarxiyaya çevriləcək, bir neçə il sonra kralın başı vurulacaq, bir neçə il sonra Fransa imperiya olacaq, heç biri inanmazdı. Çünki, hər şey ehtiyac və ümidin qarışığından başlamışdı. Təkrar edirəm, çünki, insanlar ehtiyac içində idilər və onların bütün ümidləri kralın onlara kömək etməsinə yönəlmişdi. Məhz ümidləri daşa dəyən xalq, siyasi tələblər irəli sürməyə başladı. 

1905-ci il, Rusiya imperiyası. Kəndlilər və fəhlələr küçələrdə. Tələbləri - iqtisadi və sosial tələblər. Heç kim, II Nikolayın hakimiyyətdən getməsini tələb etmir, əksinə, etirazçılar Nikolayın portretini daşıyır. Onlar həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ordu atəş açır, etirazçılar dağılır. 12 il sonra Rusiya inqilabında Nikolay II devrilir, bir neçə ay sonra kommunistlər hakimiyyətə gəlir. Karl Marks sosializm və kommunizm ideyaları haqqında fikir irəli sürərkən Alman cəmiyyətini əsas götürmüşdü, cahil Rus cəmiyyəti üçün heç Lenin belə inqilab gözləmirdi, bunu öz yazılarında açıq söyləmişdi. Amma sən saydığını say... 

1979-cu il, İran. İnsanlar şahın özbaşınalığından beziblər. Fərqi yoxdur, kim inqilab edəcək, əsas odur ki, rejim dəyişsin. Heç kim, rejimin müasir İran şəklinə düşəcəyindən xəbərdar deyildi, onların məqsədi zülmdən qurtarmaq idi. Bir zülmdən o biri zülmə. Şahın iqrçi siyasətindən boğaza gələn cənubi azərbaycanlılar yeni İran İslam Respublikasını dəstəkləməyə hazır idilər, amma, sonradan Şah dövründən də betər vəziyyətə düşəcəklərini bilmirdilər. 

Nəticə

Hakimiyyəti müstəvi üzərində çəkilmiş parçada bir nöqtə hesab edin. O nöqtə nə qədər sola sürüşərsə, cəmiyyət bir o qədər sağa sürüşəcək. Balans qorunmalıdır, təbiətin qanunu. Nöqtə nə qədər sağa sürüşərsə, cəmiyyət sola sürüşəcək. Əl-qərəz, radikalların ömrü qısa olur. Dayanıqlılıq yalnız parçanın ortasındadır.

P.S. Son zamanlar dünyada baş verən hadisələri sizin öz təfəkkürünüzə, dünya görüşünüzə və obyektivliyizə həvalə edirəm.


Tuesday, April 16, 2013

Tısbağa Uqveyin fəlsəfəsindən gənc Holdenin düşüncələrinə gedən yol

Bacım hər zaman deyir ki, oxuduğu hər kitabda əvvəlki oxuduqları ilə bir əlaqə var. Bir kitab o birinə işarə edir, bir müəllif o birinə müraciət edir, biz də bu əlaqələri ayırd edirik və tısbağa Uqveyin dediyi kimi "təsadüflərin təsadüfi olmadığını" düşünürük. 

 Bu gün bacım və rəfiqəmin paylaşdığı Corc Oruelin "Filin öldürülməsi" essesinin azərbaycan dilinə tərcüməsini oxudum. İnşada bir ingilis müstəmləkəsində qudurmuş filin yerli camaata hücum etməsi və ingilis polisin fili öldürməsi fonunda müstəmləkə reallıqlarından bəhs edilir. Yox, mən bu yaxınlarda bu hekayəyə birbaşa və ya dolayısı yolla təsadüf edəcək kitab oxumamışam. Son oxuduğum kitab, Neftçilərdən  20 Yanvar stansiyasına qədər və geri getdiyim ürək-üzücü məsafəni səmərəli qət etmək üçün aldığım Cerom Sellincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin azərbaycan dilinə tərcüməsidir. 
 Baş qəhrəman Holden kimi yeniyetmə və pofiqist olmasam da, onunla ortaq hisslərimizi tapdım. O, yeniyetmə oğlandır, zəhləsi gedən, haqsızlıq edən və ya sevdiyini incidən insanın ağzını-burnunu vurub dağıtmaq istəyir, amma bunu yalnız xəyallarında canlandırır və reallıqda bunları etməyəcək qədər gücsüz olduğunu anlayır. Mənim də ağzını-burnunu dağıtmaq istədiklərim var, amma Holden kimi gücsüzəm, özü də üstəlik, əks cinsin nümayəndəsi! Məsələn, xəyallarımda, metroya girişdə şkaf oğlanları şkaf çantaları ilə ötürüb, qızların klatçlarına detektor cüyüllədən özü gənc, beyni isə hələ embrion mərhələsində olan polisə elə o alətlə zərbə endirərdim. Heyhat! Gücsüzəm, qadınam və ən azı polisə müqavimət göstərməyin ümumiyyətlə nə olduğunu və Azərbaycanda nə olduğunu dərk edəcək qədər savadlıyam. Yenə mövzudan kənar çıxıram, Holdendən yoluxub. Metrodan çıxarkən pilləkəllərin yanında bir küçə itini karton qutu ilə divara sıxıb ətrafında yığışmış xeyli uşaq, gənc, yaşlı, qadın, kişi gördüm. Üstdən baxan kim, altdan baxan kim. İt yazıq da hürürdü, çıxmaq istəyirdi. Bir uşaqlı qadın da pilləkənin başında duran səyyar satıcı qadınla mübahisə edirdi, deyirdi ki, "nə olsun küçə itidir, canlıdır...". İtə yazığım gəldi, Holden kimi təsəvvür elədim ki, camaatı ayırıb, iti sakitləşdirib oradan çıxarıram. Amma Holden kimi də fərasətsiz çıxdım, heç nə etmədim, ötdüm keçdim, avtobusa mindim. Fikirləşdim, kaş ki, əvvəllər itlərlə ünsiyyət təcrübəm olardı. Fikir aman vermirdi, görəsən o itə nə edəcəklər. Çağıracaqlar kimlərisə ki, qudurmuş itdi, öldürün. O an, günorta oxuduğum "Filin öldürülməsi" hekayəsi yadıma düşdü. Hekayəni oxuduqca gözləyirdim ki, filin etdikləri sonradan insan faktoruna gəlib çıxacaq, amma olmadı. Bu iti də hamı quduzlaşmış sayırdı, amma heç oxşatmadım. Əksinə, mənə elə gəldi ki, it qutunun dəliyindən başına yığışmış insanları "qudurmuş" hesab edirdi, hürürdü ki, çıxın gedin başımdan, əl çəkin, imkan verin...Təsadüfə bir bax!

Friday, April 12, 2013

Hamletsayağı

Qalarkən itirməkdən qorxduqlarım,
Gedərkən üzüləcəklərindən qorxduqlarım,
Qurşanmadığım qumar dünya,
Qazandıqca, itirmək qorxusu,
Uduzduqca, əzilmək qorxusu,
Əzildikcə, üzülmək və yaşamaq,
Yaşadıqca yavaşca ölmək, 
Öldükcə, birdən dirilmək.

Wednesday, April 3, 2013

"Möcüzələr Ölkəsində"

Lyuis Karrolun təxəyyülü bütün epileptik tutmaları ilə birgə analoqu olmayan bir ölkədə mənasız kağız parçasına çevrilir, Tomas Morun Utopiyası Anti-analoq-stan qarşısında reallığa çevrilir, Conatan Sviftin Qulliveri kiçilir, Lilliputları böyüyür, Bekketin absurd teatrında sağlam düşüncə tapmaq olur, Qoldinqin uydurmalar adası canlanır, Bredberrinin mexaniki köpəyi quyruq bulayır. "Möcüzələr ölkəsində" hər şey qəribədir. Nə tərsinədir, nə əksinə, sadəcə qəribəliklərlə doludur. Məsələn, ölkənin sakinləri pişikləri öldürməyi günah sayır, onları Peyğəmbərin sevimli heyvanı adlandırır, amma sığallamaq əvəzinə "ayaqlayır". Ayaqları ilə pişiyin başından belinə, belindən başına toxunmalarını ayaqqabılarının gönündən keçən sevgiləriylə əsaslandırırlar. Kerrolun pişiyindən uzaq, şükür onun təkcə başı var idi. Utopiyadan fərqli olaraq "Möcüzələr ölkəsində" məhkəmələr yoxdur, çünki, ədalət anlayışına ehtiyac duyulmur. Misal üçün, ən sevdiyin müğənni ən sevdiyin insanı maşınla basıb keçir. Nə olsun? Bir xətaya görə insanı bədbəxt etmək olarmı? Qoy oxusun, bir insana görə o boyda el şənlikləri manıssız qalsın? Bu ölkədə, insanlara ölçüsünə görə lilliput deyilmir, yalnız cibinin kiçikliyinə görə. Hələ neçə yazıçılar bu möcüzələr qarşısında qələm qıracaqlar? Hələ neçə şair bu gözəlliklər qarşısında huşunu itirəcək? Hələ neçə ölkə bu diyara həsəd aparacaq? Sonda, yoldaş Ostap Bender demişkən: "Заседание продолжается, господа!".