Have you ever embraced someone tightly, tightly so that you both felt the hearts thumping? It is one of the most excellent feelings one could ever feel. It is better than a kiss. When you bury your face in his chest you feel so confident, so protected, so safe, so loved, so trusted. You are not vulnerable at that right moment, you feel warmth and thumps. What is it? A power of touch? love?
Beautifully out of place
Tuesday, October 30, 2012
iFəhlə-iKəndli Sinfinin Əhvalatları - "8 saatlıq iş günü"
Deməli belə, niyə biz, XXI əsrin fəhlə-kəndli sinfi özümüzü XX əsrin əvvəllərində yaşayan fəhlə-kəndli sinfi ilə eyni tutmalıyıq. Məgər iFəhlə ilə iFəhlə5 bir tutmaq olar? Biz yeni nəsil iFəhlə və iKəndli sinfiyik, demək dəyərimizi bilməliyik. Zira, biz ən son dəzgahlarda, ən son komputerlərdə, ən son maşınlarda çalışmışkən, niyə işimizə birinci nəsillə eyni vaxt sərf etməliyik? Səkkiz saatlıq iş günü standartı qaldı yüz il əvvəldə. İndi işimizi daha tez görürük, hələm vaxt tapıb internetdə qurdalanırıq, yeməyimizi sürətlə yeyirik, həyatımızı sürətləndiririk... Sonra da kapitalizmini, kommunizmini, sosializmini söyə-söyə, yorğun-arğın evə gəlirik, qalan neqativimizi də tökürük evdəkilərin üstünə. Olmazmı ki, 4 saat ərzində görə biləcəyim işi, elə 4 saat ərzində görüm. Amma mənim "çox dəyərli, hörmətli, insan, anlayışlı" kapitalist şefim bunu bilsə, ikiqat işlə yükləyəcək. Dörd+dörd=Səkkiz. Deyəsən, səkkiz rəqəmindən zəhləm getməyə başlayır. Odur ki, insan bacarıqları paketində mənə hədiyyə edilmiş hiylədən istifadə edərək işimi uzadıram, guya ki, mən bu işi ancaq uzun müddətdə görə bilərəm. Belə, ovçu ilə şikar bir-birlərinə necə hiylə gəlirlərsə, işverənlə işçi də eləcə.
8+8+8 formulunu yediriblər. Yaxşı bəs, səhər bir saat işə gəlmək, və bir saat evə qayıtmaq? Bu iki saatı hardan alaq? İş? İmkan verməzlər. İstirahətimiz? İmkan vermərik. Bəlkə yuxumuz? Olar, qoy altı saat yataq. Nə olar ki? Uzağı, stres. Olsun, biz nəinki informasiya əsrinin yetirmələriyik, biz həm də stress əsrində yaşayırıq. Bu dəfə kimi söyək? Bəlkə Lenini? Ya da özümüzü... Son nəticədə, iFəhlə olmağı seçənlər özümüzük.
Bu arada, google nə yaxşı vasitə imiş. Sizinlə də paylaşım, sən demə, Amerikanlar öz ifəhlə-ikəndli sinfinə "9to5" deyirlərmiş, onlar nahar vaxtını saymır. Sən demə, Cənubi Koreyada da rəsmi olaraq səkkiz saatlıq iş olmasına baxmayaraq, işçilər evə gec gedir, bosa "hörmət" əlaməti olaraq. Artıq onlara da "Qardaş Koreya" dövləti deyə bilərik.
Yaşasın Rəqəmsal Proletariat!
Monday, October 22, 2012
Klubafobiya
Qardaşımın işi çətindir. Çünki, onun düz üç dənə "yatmış gözəl" bacısı var. Yox, bütün gün yatmırıq. Məsələn, dərs oxuyuruq, kitab oxuyuruq, işləyirik, bəzənirik, düzənirik, alış-veriş edirik. Amma əylənmirik. Bu həftəsonu, qardaşım qərara gəldi ki, mən bu tənbəlləri evdən çıxaracam. Seçilmiş məkan N saylı Klub. Qapıdan girən kimi, böyük bir kitab rəfi - yerdən tavanadək içi kitabla tıxanmış halda bizi qarşıladı. Yox, ondan əvvəl, dress code-lu biri də var idi, filmlərdə olur e, elə rəf boyda biri. Sən demə, onlar real imiş. Kitab rəfinin burada olması mı ironiya idi, yoxsa bizim orda olmamız? Əl-qərəz, gəldik keçdik yerimizə və başladıq seyrə... Siqaret çəkənlərin cənnəti, bizim üçün saçlarımıza hopmuş tüstü. Hamı-hamını süzür, başdan ayağa. Qızlar oğlanları, oğlanlar qızları. Kimi tanış olmaq istəyir, kimi tanış axtarır, kimi içir, kimi çəkir, kimi rəqs edir, kimi hamısını birdən edir. Biz də gülürük, qardaşım güldürür. Sonra vaxtı sayırıq, sonra DJ-in niyə hələ eyni mahnını bir saat fırlatmasını danışırıq, sonra mən başlayıram ağız-burun eləməyə, asıram sifətimi. Qardaşım çalışır könlümüzü almağa, ayaqlarımız yüksək daban üstündə sızıldayır. Axırda, çıxırıq, gedirik evə. Yolda, öz-özümə fikirləşirəm. Yadıma "Dəli Kür" filmi düşür, deyirəm nə yaxşı, qardaşımız yanımızdadır, bizi Xəzərdə batırmayacaq ))). Sonra fikirləşirəm, zövqlər müxtəlifdir, dünyalar paraleldir. Yox, yəni, məcazi paralel dünyaları demirəm, bizim dünyalarımız. Hərəmizin öz dünyası var, hamımız hər şeyi bəyənməməliyik, hamımız eyni şeyi sevməyə borclu deyilik, onda həyat mənasız olar. Bu fobiadan da çıxdıq, görək sonra nə olur?
Yağış və Ata
Başım o qədər işə qarışmışdı ki, yalnız iş yoldaşlarım mənə pəncərədən boylanmağı təklif edəndə bayırdan gələn gurultunun nə olduğunu anladım. Leysan tökürdü. Aləm su içində, hamı başladı gileylənməyə, mən də daxil. Evə necə gedəsiyik? Hər yer gölməçə olacaq, sel axmasa yaxşıdır. Yağış zamanı Bakı sakinlərinin standart fikirləri. O an, əminəm, heç kim fikirləşmirdi ki, "necə də gözəl görünür? Yağışın altında gəzərdim...çətirimlə oynayardım...sonra züm-zümə edərdim...üzümə düşən damcıları heç silməzdim...qoy yağsın, yağıb gərginliyimi aparsın..." Amma bunları fikirləşməyə vaxt yox idi. Axı, yağış yağanda küçələrdə maşınların sayı, ictimai nəqliyyatda insanların sayı "göbələk sürəti" ilə artır.
Şalvarımın balaqlarının batmaması üçün gölməçələrdən tullana-tullana gedirdim metroya. Ətrafdan gəlib-keçən insanlara baxmırdım. Bütün fikrim palçığa batmamaq idi, alnımı qırışdırıb özümə trayektoriya qururdum. Fikirli olmağıma baxmayaraq, üzbəüz gələn balaca bir qız və onun əlindən möhkəm yapışmış atası gözümə sataşdı. Balaca qızın üzündən yağış damcılarından başqa, həyəcan və sevinc yağırdı. Elə bil yağışı ilk dəfə görürdü. Atası ilə rusca danışırdı: "Папа, как красиво! Волны, волны, волны. А ты возьмешь меня на ручки?" "Да, возьму" O qədər əminliklə söylədi, üzümdə təbəssüm yarandı. O qız üçün çox sevindim. Onun gözündə atasının əlləri hələ də balaca və kövrəkdir, sözləri isə qüvvətlidir. Güvənlik və səmimiyyət. Sevinc və sevgi. Yağış və ata. Atam üçün darıxdım...
Friday, October 12, 2012
Nepotism
Nepotism sözünün anlamını bilməmiş olmazsınız. Bilməsəniz də bilirsiz. Nepotism qohumbazlıq deməkdir. Qohumbazlıq sözünün xarici dillərdə ekvivalenti olduğundan, ürəyinizi buz kimi saxlaya bilərsiniz, biz kainatda tək deyilik. Problem qlobal xarakter daşıyır. Sadəcə, ölkədən ölkəyə dərəcəsi dəyişir. Azərbaycan və İtaliya kimi ölkələrdə özünü daha qabarıq şəkildə biruzə verir. Mən axı nə danışıram? Məgər bizim ölkədə qohumbazlıq problemdirmi? Xeyir, bu söz xeyirxahlıq, sədəqə, mərhəmət sözləri ilə paralel işlənir. İndi Darvindən ədəbi oğurluq edəcəm. Onun "survival of the fittest" nəzəriyyəsini dəyişib, "survival of the qohummest" edəcəm. Nə qədər də bədii alındı...
"Bu mənim oğlumdur, Naygel. O sənin əldə etdiyin nəticələrin bəhrəsini görəcək."
"Bu mənim bacım oğludur Skippi. O, sənin yeni Müdirindir."
"Nepotism - "Cəhənnəm ol, sənin heç vaxt karyera artımı şansın olmayacaq" deməyin nəzakətli yoludur.
Nepotism = "Sənin atan kimdir?" bölünsün "Sənin bacarığın"
Bilirəm ki, o sənin qohumun olduğuna görə, sən ona iş verdin. Amma mən yenə də fikirləşirəm ki, Mətbuat-Katibi heç olmasa yazıb oxumağı bacarmalıdır.
"Arxayın ol, həll edərik..."
"Ты кто такой, давай, ло свидания" artıq dəbdə deyil. Ötəri bir trend. Amma "Arxayın ol, həll edərik" trendi demək olar ki, şüar səviyyəsinə çıxıb. Bəli, bəli - şüar. Qəribədir ki, siyasi partiyalar bunu öz platformalarına daxil etməyiblər.
- Kimə və nəyə arxayın olaq?
- Puluna və qohumuna.
- Birinci daha etibarlıdır.
- İkinci də birincinin yoxluğunda!
Rahat-rahat gəzirik. Dərdimiz də var, düzdür. Amma ümumən arxayınıq.
...şagird imtahandan arxayındır, çünki, atası deyir "arxayın ol, həll edərik".
...tələbə diplomundan, özü də qırmızısından (dəbdədir) arxayındır, çünki, atası deyir, "arxayın ol, həll edərik".
...iş axtaran savadsız diplomlu iş tapmaqdan arxayındır, çünki ona deyirlər, "arxayın ol, həll edərik".
...subaylar evlənməkdən arxayındır, çünki, valideynləri deyir "arxayın ol, həll edərik".
...hətta hamilə qadına da qorxu yoxdur, çünki, həkimi deyir, "arxayın ol, ağrısız həll edərik".
Əvvəllər məsələnin həll edilməsi üçün üç amil lazım idi: Keçəl, halva və pul. Bu gün təkcə pul bəs edər.
Savad nəyə lazımdır, pul olan yerdə?
"Ehh, neynirəm oxuyub, qoy ali məktəbə qəbul olunum, oxuyaram. Ehh, neynirəm öyrənib, qoy institutu bitirəndə öyrənərəm. Ehh, neynirəm işləyib, işçi tutaram işləyər."
Güc nəyə lazımdır forma olan yerdə?
Bizim işin qapısında duran bir polis işçisi var. Cılız, çox cılız. Ona hər gün yemək vermək istəyirəm, kökəlsin, olsun Yol Polislərimiz kimi tox. O bizi müdafiə edə bilməz, biz onu qoruyarıq. Amma neyləyək? Forma olanda belə olur. Qamət düzəlir, iştah artır, baxış dəyişir. O, öz cılızlığını gorurmü? Məncə yox, forması imkan vermir. Ağıl? Ağıl artmasa da olar.
Bəs savad və pul olmayan yerdə?
Onda hiylə və hayasızlıq işə düşür. Poçt işçisi muştuluq, Katibə hörmət, Mühasibatçı minnət istəyir. İnsan Resursları, adını HR qoydum - bazar istəyir.
Müaricət: Ey savadlı, puluna və qohumuna arxalanmayan vətəndaş, gördun ki, səndən bazar istəyirlər, de ki, "Ti kto takoy, davay do svidaniya"
Monday, October 1, 2012
Düşüncə Azlıqları
Ailəm sevimli ailəm. Səninlə səmimi ola bilərəmmi? Olduq. Oturduq, danışdıq, dedik, güldük, kövrəldik, kədərləndik, müzakirə elədik, danışdıq, danışdıq, danışdıq və bir nəticəyə gəldik ki, insan nəinki irqi, cinsi, dini, milli, sosial ayrıseçkiliyə məruz qala bilər. Milli azlıqlar, cinsi azlıqlar, dini və sosial azlıqlar öz aralarında bir toplumdur, az ya çox, onlar bir toplumdur. Amma düşüncə azlıqları, onlar özləri kimilərdən bixəbər qala bilər. Birinciləri başa düşmək, onların tələblərini qanuniləşdirmək olar. Bəs düşüncə azlıqlarının? Ətrafında yüz insan yığışsa belə, əgər onlar sənin kimi düşünmürlərsə, sən təksən! Onlar kütlədir, sən təksən! Özün kimiləri yalnız ünsiyyət adlanan filtrin içindən keçərək tapa bilərsən. Amma filtr bir süzgəçdir, çoxu ilişib qalır. Keçə bildinsə, ətrafa bax. Sənin kimi keçənlər var? Deməli onlar da düşüncə azlıqlarıdır. Lakin iş bununla bitmir, qarşıda növbəti süzgəc var, sonra yenə də biri, sonra yenə də....ta ki, sən öz-özünlə tək qalanadək.
PS. I love Si, Em, Fe :*
"Ağlama Nöqtəsi"
Ağlamaq gülmək qədər vacibdir. Bu da bir bacarıqdır, hər insan bacarmır. Bəzən insan sevincindən ağlayır, bəzən də kədərindən gülür. Bəzən də nə ağlayır, nə gülür. İçinə qapanır, içində susur. Emosiyalar yox, heç nə yox. Amma müəyyən zamana, müəyyən həddə qədər. Hər kəsin bir "ağlama nöqtəsi" var. Kimi kövrəkdir, anında göz yaşlarını tökür, rahatlayır. Bəlkə də rahatlamır. Kimi də içinə salır, salır, salır, sonra kiçik bir qığılcımdan coşur. Çox gülməlidir, sənə həqiqətən dərd verən, içini yeyən dərdlərə dözürsən, dözürsən, amma öz "ağlama nöqtənə" çatanda özünü saxlaya bilmirsən. Və heeeyyy, töküldü göz yaşları, döndü selə və o yaşlarla illər boyu, aylar boyu yığdığın dərdlər, qəmlər bir-bir tökülür, axıb gedir...
Görəsən dərdləri, fikirləri, elə sevincləri belə göz yaşı ilə ölçmək olar? Onsuz da insan hey hər şeyi ölçməyə çalışır. Görəsən tərəzidə nə ağır gələr, itirilmiş neyronlar yoxsa tökülmüş göz yaşlarının sayı?
Bacımla bu barədə danışırdıq, deyirdik ki, şən, çox gülən insanların gözlərinin ətrafında yelpikvari qırışlar əmələ gəlir. Onlar eybəcər olmur, əksinə, insana yaraşıq verir. Bu onların gülüşlərinin ölçüsüdür. Bəz göz yaşları? Onların izi varmı?
Subscribe to:
Posts (Atom)