Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Monday, October 22, 2012

Yağış və Ata

Başım o qədər işə qarışmışdı ki, yalnız iş yoldaşlarım mənə pəncərədən boylanmağı təklif edəndə bayırdan gələn gurultunun nə olduğunu anladım. Leysan tökürdü. Aləm su içində, hamı başladı gileylənməyə, mən də daxil. Evə necə gedəsiyik? Hər yer gölməçə olacaq, sel axmasa yaxşıdır. Yağış zamanı Bakı sakinlərinin standart fikirləri. O an, əminəm, heç kim fikirləşmirdi ki, "necə də gözəl görünür? Yağışın altında gəzərdim...çətirimlə oynayardım...sonra züm-zümə edərdim...üzümə düşən damcıları heç silməzdim...qoy yağsın, yağıb gərginliyimi aparsın..." Amma bunları fikirləşməyə vaxt yox idi. Axı, yağış yağanda küçələrdə maşınların sayı, ictimai nəqliyyatda insanların sayı "göbələk sürəti" ilə artır.

Şalvarımın balaqlarının batmaması üçün gölməçələrdən tullana-tullana gedirdim metroya. Ətrafdan gəlib-keçən insanlara baxmırdım. Bütün fikrim palçığa batmamaq idi, alnımı qırışdırıb özümə trayektoriya qururdum. Fikirli olmağıma baxmayaraq, üzbəüz gələn balaca bir qız və onun əlindən möhkəm yapışmış atası gözümə sataşdı. Balaca qızın üzündən yağış damcılarından başqa, həyəcan və sevinc yağırdı. Elə bil yağışı ilk dəfə görürdü. Atası ilə rusca danışırdı: "Папа, как красиво! Волны, волны, волны. А ты возьмешь меня на ручки?" "Да, возьму" O qədər əminliklə söylədi, üzümdə təbəssüm yarandı. O qız üçün çox sevindim. Onun gözündə atasının əlləri hələ də balaca və kövrəkdir, sözləri isə qüvvətlidir. Güvənlik və səmimiyyət. Sevinc və sevgi. Yağış və ata. Atam üçün darıxdım...

No comments:

Post a Comment