Qardaşımın işi çətindir. Çünki, onun düz üç dənə "yatmış gözəl" bacısı var. Yox, bütün gün yatmırıq. Məsələn, dərs oxuyuruq, kitab oxuyuruq, işləyirik, bəzənirik, düzənirik, alış-veriş edirik. Amma əylənmirik. Bu həftəsonu, qardaşım qərara gəldi ki, mən bu tənbəlləri evdən çıxaracam. Seçilmiş məkan N saylı Klub. Qapıdan girən kimi, böyük bir kitab rəfi - yerdən tavanadək içi kitabla tıxanmış halda bizi qarşıladı. Yox, ondan əvvəl, dress code-lu biri də var idi, filmlərdə olur e, elə rəf boyda biri. Sən demə, onlar real imiş. Kitab rəfinin burada olması mı ironiya idi, yoxsa bizim orda olmamız? Əl-qərəz, gəldik keçdik yerimizə və başladıq seyrə... Siqaret çəkənlərin cənnəti, bizim üçün saçlarımıza hopmuş tüstü. Hamı-hamını süzür, başdan ayağa. Qızlar oğlanları, oğlanlar qızları. Kimi tanış olmaq istəyir, kimi tanış axtarır, kimi içir, kimi çəkir, kimi rəqs edir, kimi hamısını birdən edir. Biz də gülürük, qardaşım güldürür. Sonra vaxtı sayırıq, sonra DJ-in niyə hələ eyni mahnını bir saat fırlatmasını danışırıq, sonra mən başlayıram ağız-burun eləməyə, asıram sifətimi. Qardaşım çalışır könlümüzü almağa, ayaqlarımız yüksək daban üstündə sızıldayır. Axırda, çıxırıq, gedirik evə. Yolda, öz-özümə fikirləşirəm. Yadıma "Dəli Kür" filmi düşür, deyirəm nə yaxşı, qardaşımız yanımızdadır, bizi Xəzərdə batırmayacaq ))). Sonra fikirləşirəm, zövqlər müxtəlifdir, dünyalar paraleldir. Yox, yəni, məcazi paralel dünyaları demirəm, bizim dünyalarımız. Hərəmizin öz dünyası var, hamımız hər şeyi bəyənməməliyik, hamımız eyni şeyi sevməyə borclu deyilik, onda həyat mənasız olar. Bu fobiadan da çıxdıq, görək sonra nə olur?
No comments:
Post a Comment